Türk xalqlarının folklorunda ən geniş yayılmış qəhrəmanlıq dastanı «Goroğlu» eposudur. Bu dastanın müxtəlif variantları Anadoludan Qazax elinə qədər türk, azər, türkmən, özbək,qazax, qaraqalpaq, kumuq boyları, Avropada qaqauz, Sibirdə tobol tatarları içində yayılmışdır. XIX əsrin ortalarından başlayaraq müxtəlif variantları yazıya köçürülmüşdür, bəzi əlyazmalarda Goroğlu ilə bağlı kiçik bəlgə və şeir parçaları ara-sıra yer alsa da, ilk dəfə Güney Azərbaycanda «Goroğlu» dastanının 13 boyunu toplayan A.L.Xodzko onu ayrıca kitab halında 1842-də Londonda ingilis dilində yayınlamışdır.
1 Bu günəcən dastanın müxtəlif varianlarının toplanması və söyləmələrin qeydə alınması davam edir. Ali Kafkasyalı yazır ki, Urmiya bölgəsində çağdaş erməni (əslində, xristian türk) Aşıq Ohannes Yusifinin ifasında qeydə aldığı Goroğlu dastanından 12 qolun səs yazısını şəxsi arxivində saxlayır.
2. Dastanın araşdırmaları müxtəlif türk ölkələrində davam edir. Bu dastana bədii əsərlər də həsr olunmuş, filmlər çəkilmişdir, vaxtilə Üzeyir bəy də «Koroğlu» operasını yazmışdır.
Bu günəcən «Goroğlu» dastanı ilə bağlı yüzlərlə elmi məqalə, kitab yazılmışdır. Ancaq bu araşdırmalarda Goroğlu adı «kor kişinin oğlu» anlamında Kor-oğlu kimi alqılanıb 4 yüzil öncə yaşamış bir xalq qəhrəmanı kimi təqdim olunmuşdur, halbuki bizim araşdırmamız Goroğlu adının və bu adı daşıyan mifik qəhrəman obrazının ən azı 4 min il tarixi olmasını ortaya çıxarır. Bu sonuca varmaq üçün dastanın yaranma və sonralar yayılma alanına (arealına) baxmaq, dastanın müxtəlif variantlarında orta çağların deyil, qədim mifik çağın motivlərini, qədim mifonimləri bir araya gətirib müqayisə etmək gərəkdir. Bunun üçün gərəkli ipucu verən Urmu teoriyası ışığında mifik Goroqlu prototipinin Targitay, Herakl və Rüstəm kimi mifik obrazlarda təkrar olunduğunu görmək, miflərdən folklora keçid aşamasını, dastandakı mifonimlərin tarixi etnoqrafiyada və qədim yazılı qaynaqlarda buraxdığı izləri araşdırmaq lazımdır.
Fırudın CƏLİLOV