Türk dünyasının ortaq qəhrəmanı- KOROĞLU

Qədim abidələrimiz də bəzən  zamanın sınağına  dözə bilməyib dəyişir. Dastanın Azərbaycan variantında Tulpar (qanadlı at), Alpərənlər, Yaşam (Dirilik) suyu, Misri qılınc kimi bir neçə mifik motivlər saxlansa da, ayrı-ayrı aşıqların yaradıcılığı ilə bütövlükdə orta əsrlərdəki olaylara köklənmiş mötivlər yer alımışdır. Hətta, Tiflis nüsxəsində əksər qolların əsas motivi ayrı-ayrı ölkə və şəhərlərdən hökmdarların qızlarını Çənlibelə qaçırmaqdır.

İlkin variantlarda zülmə, zalıma qarşı vuruşan, yoxsullara yardım edən xalq qəhrəmanı Goroğlunun sonrakı ayrı-ayrı variantlarda xan, hökmdar və ya yol kəsən qaçaq-quldur kimi verilməsi də son əsrlərin ürünüdür, əgər sovet ideologiyası dağılmasaydı, bəlkə də, onun cibinə komunst partiyasının biletini qoyub, kapitalizmə qarşı vuruşan komunist liderlərindən biri kimi təbliğ olunacaqdı. Tarixdə belə olayların çoxlu örnəkləri vardır. «Goroğlu» eposunun yaranma yerini, yaranma tarixini, hansı xalqın içində yaranıb, hansı bölgələrə yayıldığını, hansı qonşu xalqlar tərəfindən mənimsənildiyini öyrənmək üçün dastanın mövcut variantlarını qarşılıqlı müqayisə yöntəmilə araşdırmaq lazımdır. Belə ki, ayrı-ayrı xalqlarda olan variantların əsasında iki invariant durur: biri Azərbaycan-Anadolu, o biri də Türkmən-Özbək variantıdır. Birinci variantı gürcü, abxaz, kürd, erməni və başqa qonşu xalqlar da mənimsəmişlər. Bu tür mənimsəmələr yalnız tarixin müəyən çağında sıx əlaqədə olmuş, qonşu və ya birlikdə yaşayan xalqlar arasında mümkündür. Örnəyin, bu dastanın sonrakı variantı hay (erməni) xalqına xristian ermən-qıpçaq boylarından keçə bilərdi. Dastanın türkmən, özbək, qazax boylarında olan ikinci variantı da qonşu irandilli taciklərin folkloruna keçmişdir. Əsas variantlar arasında ən önəmli fərqlər Azərbaycan və Anadolu variantında olmayan, lakin etrusk, yunan-latın Herakl hekayələrindəki kimi daha qədim motivləri saxlayan türkmən variantında Goroğlunun doğumu, ərsəyə çatıb yetgin bir bahadır kimi tanınması səhnələrini əhatə edən ilkin motivlər qalmaqdadır. Xorasan variantında da Goroğlunun doğulması və Tiflis əlyazmasındakı kimi qoçalıb ölməsi mətnləri vardır.

Ardı var…

Firudin CƏLİLOV

Bizimlə oxuyun
Verified by MonsterInsights