Bildiyimiz kimi, dünyanın müxtəlif coğrafi məkanlarında yaşayan 170 milyondan artıq insan özünün doğma dilində -Türk dilində danışır (-Bütün dünyada toplam 250 milyona qədər türk yaşayır-İ.B). Məhz bu dil vasitəsiylə dünyanın digər xalqları ilə ünsiyyətə girir, onlarla siyasi, iqtisadi əlaqələr qurur. Bundan əlavə olaraq, 20 milyon insan isə Türk dilindən ikinci bir dil olaraq istifadə edir. Sitat gətirdiyimiz bu rəqəmin say çoxluğu Türk dünyasının böyüklüyünün, onun vahid gücünün işarəsidir. Cin səddindən Avropanın mərkəzinə qədər uzanan bir arealda məskunlaşan, öz xalqının dili ilə dünyaya səslənən türklərin milli kimliyi müasir dünyanın fövqəlbəşər qüvvələri tərəfindən qəbul edilməkdə və tanınmaqdadır. Bütünlükdə türk xalqlarını özündə ehtiva edən Türk dünyası anlayışı əslində özündə bu böyüklüyü birləşdirən qüdrətli bir körpüdür. Türk dünyasının ümumi qavramında Türküstan kimi formalaşan və tanınan Türk dünyasının ortaq məxrəci yalnız və yalnız birlikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarından birində söyləyir: –“Azərbaycanın ailəsi Türk dünyasıdır”. Cənab Prezidentin bu fikri əslində siyasiləşmiş, qütbləşmiş müasir dünyaya doğru ünvanlanan bir mesajdır.
Son illər Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türkdilli ölkələrlə, onların rəhbərləri ilə qurulan və davam etdirilən əlaqələr min illərin, dərin köklərin dərin bağları ilə bir-birinə sıx şəkildə bağlanmış, milli dəyərlərə arxalanan milli münasibətlərdən irəli gəlir. Mayasında, qayəsində birlik, bərabərlik olan bir gücün qarşısı heç vaxt alına bilməz. Yaşadığı məkandan, zamandan asılı olmayaraq, bütün dünya Türkləri özlərinin gücünü birləşdirməli, müqəddəs amal uğrunda çalışmalıdırlar.
İlahə BAYINDIR
Tədqiqatçı