TÜRK DİLİ, QAN YADDAŞI, YA DA “KREDO”

Sayğılı oxucu!

Bu yazı, az qala iki ildir üzərində çalışdığım, ancaq indiyədək ortaya çıxarılmamış “Yad dil alışqanlığı”nın yerini tam doldurmasa da, anlayanlar üçün, düşüncəli insanlar üçün öyrədici bir qığılcımdır.

TÜRK DİLİ, QAN YADDAŞI, YA DA “KREDO” QƏZETİNİN REDAKTORU ƏLİ RZA XƏLƏFLİ İLƏ DANIŞIQ

Sayğılı Əli Rza bəy, dil millətin ən birinci mənəvi göstəricilərindən biridir, bəlkə də birincisidir. O, ikincili – ictimai amil kimi formalaşıb, millətin qan yaddaşını, düşüncəsini, bütün ruhi-mənəvi özəlliklərini güzgüləndirir. Dilini qoruya bilməyən millətlərin yer üzündən silinmək qorxusu vardır. Azərbaycanlılar da bir siyasi millət kimi dilini çox böyük sevgi ilə qorumalı, onu başqa milli-mənəvi dəyərlərinə, qan yaddaşına, yaşamlarına uyğun şəkildə inkişaf etdirməlidirlər!

Dağa getmişdik. Meşədə istədiyimiz yerdə durduqdan sonra xatunların, yaşıllıqların sıxılmaması üçün bir az aralandım. Qardaşımın kiçik qızı da arxamca gəldi. Bir az keçəndən sonra yorulan uşaq geri qayıtdı. Çaşaraq başqa cığırla gedən uşaq çığırmağa, ağlamağa başladı. Onu tapıb gətirdilər. Çox qorxmuş uşaq “dəyişik düşdüm, dəyişik düşmüşdüm” deyə ağlayırdı. “Azmaq”, “çaşmaq” sözlərini bilməyən uşaq, türkün qan yaddaşı ilə danışırdı: “dəyişik düşdüm, dəyişik düşmüşdüm”.

Yazıçı Anar adının anası Nigar və atası Rəsul sözlərindən yaradıldığını deyir. Sözüm yoxdur! Onun ata-anası yaradıcı adamlar olublar, “Anar” sözünü də başqa türklərlə heç bir əlaqəsi olmadan yarada bilərdilər. Ancaq Qazax yazıçılarından birinin 20-ci illərdə yazdığı bir əsərdə “Anar” adına rast gəlmişəm. Bu, türk düşüncəsi ilə bağlıdır.

Mən 1988-ci ildə kütlələrə ruhi-mənəvi təsir etmək üçün Türkel soyadını yaradıb Yadigar Türkel imzası ilə yazılar yazmağa başladım. Yurdsevər aydınlar bunu çox yüksək qiymətləndirdilər. Sonralar Türkiyə Cümhuriyyətindəki türklərdə “Türkel” ad və soyadının olduğunu öyrəndim. Zooloq alim Teymur Əliyev mənə qardaşı oğlunun adının Türkel olduğunu, bu adı da türkiyəlilərdən götürdüklərini dedi.

Türk soydaşlarımızın bir sıra yazarları “şəlalə”yə “çağlayan” deyirlər. Bu, çox düzgün deyimdir. “Şeir yaza-yaza ilhamı yüksəldən” Nizami Gəncəvinin “İskəndərnamə” poemasını Abdulla Şaiqin tərcüməsində oxuyanda “çağlayan” sözünü gördüm. Bu, məni bir daha türkün qan yaddaşının balalarının ruhuna, düşüncəsinə, dilinə hopduğuna inandırdı. Ancaq bu yöndə ardıcıl dövlət siyasəti yeridilməlidir, Azərbaycanda isə təəssüf ki, yeridilmir!

Evimizə çoxlu qəzet və jurnal gəldiyindən uşaqlıqdan qəzetləri çox izləmişəm. Türk dilini anamdan, atamdan, nənəmdən, qohum-əqrəbadamdan, məktəbdən, elimdən öyrəndiyim qədər qəzetlərdən, ədəbi-bədii əsərlərdən də öyrənmişəm. Ata-anamın türk yaddaşından mənə keçənlərin üstünə ictimai və elmi bilgilər əlavə etməyə çalışıram. Son dövrlərdə dilimizin başına açılan oyunlar məni çox düşündürür.

“Kredo” qəzetini AMEA-da, Zahid Məhəmmədoğlunun iş stolunun üstündə görəndə:

“Nədir, bir ad tapıb qoya bilmirdilər? Bu “kredo”lara ad verən Ədliyyə Nazirliyinin işçiləri türk deyillərmi? Belə şeylərin millətin dilini ruhundan çıxardığını anlamırlarmı?” dedim. Zahid bəy dinmədi. Buna görə də “Kredo”nu mənə verib “bunu oxu” deyənlərə sayğısızlıq etdiyim də olub…

“Sözün dəyərini göyə qaldıran” Nizami Gəncəvinin “Beşlik”indəki siyasi-ideoloji münasibətləri araşdırıb “Azərbaycan” qəzetində çap olunmaq üçün bir elmi-publisistik məqalə yazmışdım. Mirzə Ənsərli yazını “Azərbaycan” qəzetinə yox, “Kredo”ya verməyi təklif etdi, dedi: “Kredo” indi “Azərbaycan”ın da, “Ədəbiyyat”ın da görmədiyi işləri görür”. Demə, Azərbaycan və millət sevgisi ilə dolu, yad əllərdə qalan ata yurdunun ağrısını könlündə daşıyan Əli Rza Xələfli, ətrafına yığdığı azərbaycançılarla mənim üçün “adsız” olan “Kredo” qəzetini Azərbaycan aydınlarının söz meydanına, ictimai tribunasına çeviribmiş. Sağ olsunlar!

O gündən qəzetinizin bütün saylarını oxuyur, səviyyəsinin bir az da yüksəlməsini arzulayıram. Onun ağır maddi durumu məni də düşündürür. Bütün azərbaycansevər, millətsevər insanları bu qəzeti almağa və ona yardım etməyə çağırıram.

Hörmətli Əli Rza bəy! Türk dilindəki ən gözəl sözlərdən biri, “sözün şahı” Nizami Gəncəvinin “sultan cəlallı türk” dediyi Günəşdir. İstərdim ki, Azərbaycan aydınlarının günəşinə çevrilmiş qəzetinizin adını dəyişib “Günəş” qoyasınız. Bu, Türk milli ruhunu yaşatmaq üçün gözəl bir iş olar.

Əgər Azərbaycan Respublikasında “Günəş” adlı qəzet varsa, “El”, “Yol”, “Yel”, “Ay”, “Ulduz”, “İldırım”… qoyun, qoy elin, ulusun dili onun ruhuna hopsun.

Məncə, “Kredo”nun təsisçisi Q. Fikrət də bu istəyimə müsbət yanaşar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçiləri isə yığıncaqlarının birində “Kredo”nu “Günəş” etməklə sevinərlər. Çünki:

> “Türkün dilitək sevgili, istəkli dil olmaz!”

Bu istəkdən qazanan da elimiz, ulusumuz, Türk dilimiz və yurdsevər aydınlara vurğun Azərbaycan olar.

Sayğılarla, Yadigar Türkel  28.11.2007

Söz ardı:

20-ci yüzillikdə Azərbaycan dilçiləri, alimləri, aydınları, yazıçıları, şairləri, jurnalistləri Türk dilinin arındırılması üçün böyük işlər görmüşlər. Bir zamanlar “Küfrü zülfün salalı rəhnələr imanımıza…” kimi ağır şeirlər yazılan bu gözəl dil, indi “Yaz gəldi, güllər açdı, könül açmadı” kimi misralarla şirinləşib.

Ancaq son illərdə cəmiyyətdə Türk dilinə yenidən bir sayğısızlıq yaranmışdır. Bir neçə örnək:

Türklər İslama qədər paytaxta “el evi” deyərdilər. Onu “paytaxt” etmək milli düşüncəmizi yeniləşdirmədi, əksinə yadlaşdırdı. Bəziləri isə bu sözü ağız-burnunu əyərək “paytəxt” kimi deyirlər. “Ağa”ya “bəyaz”, “qara”ya “siyah”, “suç”a “günah”, “ata-ana”ya “valideyn” deyib, “büruzə verdi”, “ifa etdi”, “start verdi”… kimi “müləmmə”lər yaradanlar indi də sözbaşı “problem yoxdur”, “futbolçu ayaqqabısı ilə problem yaşadı” deyib “bravo” çığırırlar.

“Bravo”nun dilimizdəki qarşılığı: Yaşa! Yaşasın! Alqış! Alqışlar!

İndi mahnı çalınıb oxunmur – ifa edilir, icra olunur. Musiqisi Üzeyir Hacıbəylinin deyil, Üzeyir Hacıbəyliyə aiddir, məxsusdur – deyirlər. Bu pisliklərin qarşısını isə yalnız aydınlar almalıdır.

Hazırladı: N.B.

Bizimlə oxuyun
Verified by MonsterInsights