TÜRK AYDINLARI SƏNİ UNUTMUR, UNUTMAYACAQ

ELAZ.İNFO

 Azərbaycan Türklərinin XX yüzildə yetirdiyi ən böyük bilim, kültür adamlarından biri də Cavad Heyətdir. O, 1925-ci il mayın 24-də Azərbaycan Türklərinin əski başkəndi, böyük kültür ortaqlıqlarından biri olan Təbrizdə doğulmuşdur.

     İranda [Qacarlar Açısı] «Anayasa devrimi»nin öncüllərindən olan atası, müctəhid Mirzə Əli Heyət çağının tanınmış hüquqçusu idi. O, İranın baş prokuroru, «Apelyasiya Məhkəmə»sinin başçısı, Ədliyə bakanı görəvlərində işləmiş, ölkənin çeşidli yerlərində Ədliyə sisteminin oluşdurulmasına çalışmışdır.

      1919-cu ildə Naxçıvanı Ermənilərdən qorumaq üçün İrandan gələn dəstələrə də Mirzə Əli Heyət başçılıg etmişdir.

      Cavad Heyətin anası Məsumə Sultan Firuq uruğunun başçısı, müctəhid Hacı Mirzə Məhəmmədin qızı idi. O, Türk «ağız ədəbiyatı»nın ən yaxşı örnəklərini balalarına öyrətməklə onlarda Türk dilinə, Türk ulusal dəyərlərinə sevgi oyatmış, ulusal düşüncə oluşdurmağa çalışmışdır.

       İlk okulu Təbrizdə bitirən Cavad orta eyitimini Tehrandakı Ordu Okulunda almışdır.

      1941-ci ildə Tehran Universitetinin Tibb Fakultəsinə girən Cavad atasının istəyilə İstanbul Universitetinə keçir. Oğlunu İstanbula göndərən Mirzə Əli Heyət ona demişdir: «Mən səni Bakıya göndərərdim. Ancaq ora Dəmir pərdə ilə qapalıdır. İstanbulda universiteti bitirərsən, Türk kimi yetişərsən, sonra Parisdə uzmanlığını artırarsan».

      İstanbul Universitetini 1946-cı ildə bitirən Cavad Heyət universitetin İkinci Cərrahlıq Klinikasında işləyir. Sonralar uzmanlığını artırmaq üçün Parisə gedən  doktor Cavad 1952-ci ildə yüksək uzman xirurq kimi Tehrana qayıdaraq, 1954-cü ildə İranda ilk yol «qapalı ürək», 1956-cı ildə «aorta qapağı darlığı», 1962-ci ildə «açıq ürək» operasiyalarını uğurla edir.

      İranda ilk böyrəkköçürmə operasiyası da Prof. Doktor Cavad Heyətin başçılığında edilmişdir.

      İran Özgür İslam Universitetinin professoru olan görkəmli bilimçinin yüzdən çox bilimsəl araşdırması dünya ölkələrinin çeşidli tibb jurnallarında yayımlanmışdır.

      Cavad Heyət 1964-cü ildən «Daneşe-pezeşki» (Tibb bilimi) adlı dərgi çap etdirirdi. 1976-cı ildə Məhəmməd Rza Pəhləvinin şahlığının ildönümü ilə bağlı öygü yazısı yazmadığından jurnalı bağlayırlar.

      Prof. Doktor Cavad Heyətin «Tromboflebitin müalicəsi», iki cildlik «Ümumi cərrahlıq», «Cərrahlıq dərsləri» kimi sanballı əsərləri İranın tibb öyrəncilərinin stolüstü bitiklərindəndir. İran dövləti tibb alanında qazandığı uğurlara görə ona I dərəcəli qulluq ordeni vermişdir.

      Professor Cavad Heyət xirurgiyanın gəlişdirilməsinə qatgılarından dolayı Paris Uluslararası Xirurgiya Akademiyasının da üyəsi seçilib.

       Cavad Heyət «təbabətdən aldığı maddi gəliri xalqın mənəviyatına xərcləməklə maddi dünyanı mənəvi dünyaya qurban verir. O, doktor kimi adamların bədənini, naşir, ədəbiyatçı, tarixçi kimi isə yurddaşlarının mənəviyatını sağaldır». Onun iki cildlik «Azərbaycan ədəbiyatı tarixinə bir baxış», «İki dilin müqayisəsi», «Azərbaycan şifahi xalq ədəbiyatı», «Türklərin tarix və mədəniyətinə bir baxış», «Türk dili və ləhcələrinin tarixinə bir baxış», «Ədəbiyatşünaslıq», eləcə də başga əsərləri dəyərli ədəbiyatşünas olduğunu göstərir.

        Prof. Doktor Cavad Heyətin əsərlərinin adlarına baxarkən onun mənəvi dolğunluğu, ondakı Türk ruhu görünür. O, əsərlərinin adını marksizmin «mütləg həqiqət» fəlsəfəsindəki aşırı-psixi radikallıqla yox, «Türklərin tarix və mədəniyətinə bir baxış», «Türk dili və ləhcələrinin tarixinə baxış»… qoyub. Bu, onun biliyə, bilginliyə çatmış – filosof olduğunu göstərir.

       Artırma: 2000-ci illərin başlarında Prof. Doktor Cavad Heyətin İİR-dən gəlmiş bir filosofla AMEA-nın böyük toplantı zalındakı görüşdəki «fəlsəfi» çıxışı onun toplumsal-politik bilimlər alanındakı bilginliyini göstərdi.

       Professor Cavad Heyətin yaratdığı ən böyük əsərlərdən biri də 25 ildir çap etdirdiyi «Varlıg» dərgisidir. «Varlıg» İranda Türk dilində yayımlanan ilk dərgidir. O, uzun illərdir «Varlıg»ı «qucağında, əlinin əməyi, alnının təri, bağrının ganı ilə bəsləyib, gözünün giləsi kimi afətlərdən goruyubdur». Cavad Heyətin «Varlıg»ı (tək dərginin deyil, ustadın özünün fiziki, mənəvi varlığı) Azərbaycanın, Azərbaycan Türklərinin çağdaş yaşamında bir olaydır. Prof. Doktor Cavad Heyətin bilimsəl-publisistik çalışmaları Güney, eləcə də Guzey Azərbaycandakı Türklərin ulusal düşüncəsinin oluşmasında önəmli koşullardan biri kimi dəyərləndirilməlidir.

        «Varlıg» dərgisi İran Türklərinin Ərəb yazısı ilə yazılarındakı gatmagarışıglığı aradan götürüb yetkin bir yazı sistemi sağladı». Bu dərgi İİR-də «varlığımızın göstəricisi, bayrağı oldu».

     Artırma: «Varlıg» dərgisi 2002-ci il, 137-4, 136-3-cü sayında mənim də «Lev Gumilyovun bir səhvi barədə» yazımı çap etmişdi.

     Ermənistan Respublikası Azərbaycana saldıranda görkəmli yurddaş Cavad Heyət Tehranda yaralı Azərbaycan əskərlərini öz pulu ilə sağaltdırmış, bu arada Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirələ Türkiyənin bu yöndəki «dişsiz politika»sını gınayan bəlli məktubunu yazmışdır.

       «Kristian Bernard bir, ya bir neçə adamın ürəyini dəyişdirib onlara yeni yaşam vermişdisə, Cavad Heyət onilliklər boyu dilindən kültüründən, tarixindən uzaq salınmış bütöv bir ulusun ürəyini, təkcə ürəyini yox, beynini, yaddaşını, düşüncəsini sağlamlaşdırmaq üçün» çalışmışdır.

        Cavad Heyəti «İranda da, Türkiyədə də sevirlər». Ancaq onu Azərbaycan Respublikasında daha çox sevirlər desək, yanılmarıq. Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin onursal doktoru, AMEA Ədəbiyat İnstitutunun, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Universitetinin onursal professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyətinin onursal üyəsidir. Ona Azərbaycan Yazıçılar Birliyinin «Mirzə Fətəli Axundov adına ödülü», «Dədə Qorqud» Asosiasiyasının «Məmməd Araz» ödülü də verilmişdir.

      Artırma: Cavad Ərəb sözüdür, Türk dilində ürəyiyumşag, əliaçıq deməkdir. Bu anlayış Prof. Doktor Cavad Heyətin içdənliyinin göstəricisi olmuşdur. Cavad Heyət içdən bəydir! Oğuz Xan çağında yaranmış bəylik gurumu tarix boyu, Türklərdə sosial-politik ad olmaqdan başqa, onların ulusal dəyərlərini yaşadan, yaradan, qoruyan mənəvi quruluş – seçkinlik institutu olmuşdur. Əski Türklərdə Boyun başında bir bəy durardı. İgidlik, ədalət, doğrulug böyüklük kimi özəlliklər başlıca tutulmagla seçilən bəyin görəvi Boydakı haqqı, ədaləti düzənləmək, mənəvi bağlılığı gücləndirib onu yağılardan qorumaq, TÜRK ULUSUNU YAŞATMAq idi.

      Yusif Balasagunlu Türklərin bu ulusal gurumundan belə yazmışdır: «Bax, iki köklü insan vardır: biri bəy, biri bilimçi. Onlar insanların başıdır…Biri əlinə gılunc alıb Ulusu yönətər, biri əlinə gələm alıb düz yol göstərər». Bu Türk düşüncəsini bütünlüklə unutmamış Azərbaycan Türkləri Rus-Erməni-Sovet-Mason Bolşefaşizminin ən azğın çağlarında belə, Türk ulusal dəyərlərindən sayılan aydın-işıglı, uca insanlara – Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Əbdürrəhim bəy Hagverdiyev, Mustafa bəy Topçubaşov deyib, sayğı ilə çağırmışlar.

      «Ömrü boyu Azərbaycanın parçalanmış ürəyini tikib birləşdirməklə uğraşan», Azərbaycanın bağımsızlıg savaşına mənəvi, maddi yardım edən, «şən, sap-sağlam varlığı kültürümüz, yurdumuz, dilimiz, elimiz üçün çox böyük gazanc» olan Prof. Doktor Cavad Heyəti Türk Ulusu adından salamlayıb, ona uzun ömür, cansağlığı dileyirik!

      Artırma: Prof. Doktor Cavad Heyət də Türklərin, Türk ulusunun bu sayğısına yaraşan bəydi. Cavad bəyin Azərbaycan sevgisinin böyüklüyünü  anlamaq üçün bir duyğulu anını sayğılı oxucuya çatdırıram: Yeni gəldiyi çağlarda, bir yol Bakının «Gurd gapısı» [«Gurd ağızı» olmalıdır. Azərbaycanı, Bakını yönətənlərin qurumların adlarını Türk dilinə, Ulusal düşüncəsinə uyğunlaşdırmamaq düşüncəsizliyindən rusca «volçie vorota»nı gurd gapısı kimi çevirmişlər]restoranında ona qonaqlıq verdim.

      Cavad bəy İstanbuldan Parisə, Nyu Yorkdan Tehrana, Tebrize kimi dünyanın böyük başkəndlərində, kültür ortaqlıglarında yaşamış, çox olmasa da, az-çox var-yatırı olan bir bəydi, belə qonaqlıqları çox görmüşdü. Ancag öncədən gedib danışdığım qonaqlığın yerinin gül-çiçəkli bağçası, qulluqçuların ona ayrıca sayğısı Cavad bəyin çox xoşuna gəlmişdi. Dedi: «Yadigar bəy, mən dünyanın çox yerində olmuşam, ancaq ömrüm boyu belə qonaqlıg görməmişəm, elə bil cənnətdəyəm. Bakının, Azərbaycanın tayı doğrudan da yer üzündə yoxdur! Sən məni göyə qaldırdın, ucaltdın, bir Türk mahnısında deyildiyi kimi: Səni gördüm bəy oldum!».

      Bu sözlər böyük Türk Cavad Heyətin Azərbaycan sevgisinin ölçüsünü göstərirdi. Alçagkönüllülük, düzgünlük insanın yetməli olduğu ən yaxşı özəlliklərdəndir!

     Sözardı: Sayğılı yurddaş, bu yazı «Türk ruhunu yaşadan insan» adı ilə «Respublika» gəzetinin 2004-cü il, 4 iyul, 152-ci sayında, eləcə də AMEA FSHTİ-nin «Sosial-siyasi problemlər» bilimsəl toplusunun XI sayının 55-57-ci səhifələrində yayımlanıb. Onun dilini bir sıra Ərəb-fars sözlərindən arındırıb kiçik Artırmalarla çap edir, ölümünün ildönümü gabağı Azərbaycan Türklərinin böyük oğlu Prof. Doktor Cavad Heyəti anıb deyirik: Cavad bəy, sən Azərbaycan, Türklər üçün çox böyük bilimsəl, ideoloji, kültürəl işlər gördün. Bizsə sənin etdiklərini yetərincə dəyərləndirmədik! Buna görə bizi bağışla! 

      İslam dini adı altında gizledilmiş Ərəbçilikdən gurtulub, onlarca dövlət gurub min illerle dünyanın çoxunu yönetib yaşatsaq da, özümüzü güclə «fars» etdik, farslıgdan gopmamış «rus» olduq, rusdan ayrılmamış «ingilis» olmaqdayıq… Bu, çox gorxuludur!

      Bu gün çağdaş Azərbaycan Respublikasının başında durub ulusal Türk kimliyimizi anlamağa qoymayanlar da, Rus-erməni-sovet-mason bolşefaşizminde bizə öyrədilen yurdsevərlikdən, türklükdən uzaq, «Bu gün bir Türk öldürdüyümə görə sevinirəm» demiş Aleksandr Puşkinin «Burya mqloyu nebo kroyet»ilə böyüdülmüş «yarımrus» törəmələridir. Onları Azərbaycan, Türk yox, yurdun var-yatırını oğurlamaq, necə olursa-olsun özüne pul yığmaq, çağdaş demokratiya, ədalət gapısını yurddaşların üzünə gapayıb ulusal düşüncəsini pozmaq, qohumlarını gecə-gündüz öydürüb, adlarına bayramlar keçirmək, əlaltılarına yüksək adlar, donluqlar verib kef çəkdirmək yolları düşündürür. Demək, ganının Türk olmasından düşüncənin türkcə olması önəmlidir. Azərbaycan toplumu da gücsüz, öldürülmüş, dönməz, yurdsevər aydını az, hamı garnının qulu…

     Ancaq bunlar keçicidir Cavad bəy! Bir Günəş kimi aydındır: gün-gündən avtoritarlaşan indiki Azərbaycan Ağalığı unutsa da, TÜRK AYDINLARI  TÜRKLÜKlerini, Türkün böyük oğlu Cavad Heyəti  unutmayacaglar!      

FƏLSƏFƏ ELMLƏRİ DOKTORU PROFESSOR YADİGAR TÜRKEL

2004-cü il

Çapa hazırladı Natəvan BƏYDİLİ.

.

Bizimlə oxuyun
Verified by MonsterInsights