Mənəvi dəyərlərin “qorunması”…
ELAZ.İNFO xəbər verir ki, 24–25 may tarixlərində “Daş Salnamə Muzeyi”ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirib.
Tədbirin təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI — Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak edib.
Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Ekspozisiyanın əsas hissəsi Azərbaycanın müxtəlif bölgələrində aşkar edilmiş orta əsrlərə aid olan məzar daşlarıdır.
Sufi Şeyxləri, sərkərdə və dini nümayəndələrin qəbirüstü daşlarından ibarət olan daş salnamə muzeyində bu cür ( açıq-saçıq) moda nümayişləri və əyləncə tədbirləri keçirilməsi qətiyyən yolverilməzdir!
Bu abidələr bizim milli yaddaşımızdır, ruhumuzdur. Onları səhnəyə, dekorasiyaya çevirmək sadəcə hörmətsizlikdir, xatirəyə təhqirdir.
Təəsüflər olsun ki, bugün ölkəmizi “tanıtmaq” və turistləri cəlb etmək üçün, aidiyyatı qurum və təşkilatlar “nəyin bahasına olursa olsun” prinsiplərini əsas götürür.
Lakin Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, inkişaf yolu öz mənəvi dəyərlərinə zərbə vurararq “hamıya və hər şeyə açıq” olmaqdan keçmir.
Hədsiz sərbəstlik ölkəni daha cəlbedici etmir- onu simasızlaşdırır. Amma qorunan yerli mədəniyyət elementləri,dini-sakral tarixi abidələr, autentiklik və unikal məkan hissi yaradır, həmin yerə yenidən qayıtmaq hissi oyadır.
Turizm potensialı “bazarlarda” deyil, tarixdə, insanlarda və özünü qoruyub saxlaya bilən ənənələrdədir.
Çox uzun uzadı yazmaq istəmirəm, sadəcə olaraq bu mənzərəni görəndə, özümü təhqir olunmuş kimi hiss elədim……
Sabit COCULU