Tural İrfan:-“İslamda yalnız daimi evlilik anlayışı mövcuddur”

“İslama görə yeganə nikah daimi nikahdır. İslam hüququnda müvəqqəti evlilik yoxdur. Kəbinin, nikahın da dinli, yaxud dinsiz deyə təsnifatı yoxdur”.
ELAZ.İNFO xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

Dinşünasın sözlərinə görə, İslam hüququnda yeganə qəbul edilən nikah forması daimi nikahdır və müvəqqəti evlilik (siğə və ya mutə) anlayışı dinə əsaslanmır.

“Kəbin” və “nikah” terminlərinin özü də din mənbələrindən gəlir. Evlənənlərin dinin tələblərinə cavab verməsi, evliliyin şahidlərlə elan edilməsi və səlahiyyətli şəxs tərəfindən icra olunması tarixən dini və ictimai zərurət olub. Hazırda isə ölkəmizdə rəsmi nikah yalnız dövlət orqanı tərəfindən aparılır. Daha sonra istənilən şəxs öz dini inancına uyğun olaraq din xadiminə də kəbin kəsdirə bilər. Lakin dini baxımdan da dövlətin icra etdiyi nikah qanunidir və kifayətdir.”

Ekspert qeyd edib ki, siğə və ya mutə adlanan müvəqqəti evlilik forması İslamdan əvvəlki cahiliyyə dövrünün adətlərindən olub:

“Cahiliyyə ərəbləri müəyyən məbləğ qarşılığında, qısa müddətə qadınlarla əlaqəyə girirdilər. İslamın ilk dövrlərində bu kimi adətlərin birdən-birə aradan qaldırılması çətin idi. Bəzi mənbələrdə Peyğəmbərin yalnız müharibə dövründə əxlaqi pozğunluğun qarşısını almaq məqsədilə buna müvəqqəti icazə verdiyi bildirilir. Lakin sonradan siğə qəti şəkildə qadağan edilib”.

MCP rəsmisi vurğulayıb ki, İmam Əlidən və Əhli Beytdən gələn səhih hədislərdə Həzrət Məhəmməd Peyğəmbərin siğəni haram buyurduğu açıq şəkildə bildirilir.

“Bəzi şəxslər səhabələrin Peyğəmbər qadağan etməmişdən əvvəlki dövrdəki davranışlarını kontekstdən çıxarıb siğənin halal olduğunu iddia edirlər, amma bu, yanlışdır

Başqan müavininin sözlərinə görə, İslam hüququnda qəbul edilən fiqhi məzhəblərdən – Hənəfi, Şafii, Maliki, Hənbəli, Sələfi, İbadiyyə və Zeydiyyə – hamısı siğəni haram sayır.

“Yalnız Cəfəri məzhəbində bu evlilik növünə fərqli baxış mövcuddur. Fars müəlliflər bəzi rəvayətləri təhrif edərək siğəni savab hesab ediblər. Hətta bəzi İran müctəhidləri qadınla pul qarşılığında bir neçə saatlıq münasibəti də siğə kimi təqdim ediblər. Amma bunun İslamda, Quranda və şəriətdə əsası yoxdur. Həzrət Peyğəmbər, onun ailə üzvləri və səhabələri yalnız daimi evliliklərlə yaşamışlar”.

Bununla yanaşı, ilahiyyatçı bildirib ki, Peyğəmbər dövründə müəyyən zərurət hallarında müvəqqəti nikah formalarına istisna olaraq icazə verilməsi mümkün olub, lakin bu, “zövq və nəfsani istəklər” üçün deyil, sırf ehtiyacdan irəli gələn hallara aid idi.

“Məsələn, uzunmüddətli səfərdə olan bir şəxsin, həyat yoldaşının da məlumatı və razılığı ilə müvəqqəti, lakin evlilik sayılacaq formada münasibət qurması mümkündür. Burada əsas məqsəd ailə dəyərlərini qorumaq, pozğunluğun qarşısını almaqdır”.

Dünşünas yekunda vurğulayıb ki, İslamda yalnız daimi evlilik anlayışı mövcuddur və siğə nə dini, nə də əxlaqi baxımdan doğru sayılmır.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights