Trampın Stoltenberqə zəng etməsinin sirri nədir?

Qərb mətbuatı yazır ki, təxminən bir ay əvvəl Tramp ticarət tariflərini müzakirə etmək bəhanəsi ilə Norveçin maliyyə naziri Yens Stoltenberqə zəng edib. Bunun üçün niyə ABŞ-ın prezidenti zəng edir ki? Belə müzakirələr üçün ABŞ-ın maliyyə naziri var. Əgər zərurət yaranmışdısa, Tramp statusuna uyğun Norveçin baş naziri ilə danışa bilərdi. İsveçrə nümunəsində gördük ki, Tramp heç baş nazirlə də razılaşmır.

Bəs Trampın Stoltenberqə zəng etməsinin sirri nədir? Məlumatın ardını oxuyaq.

Söhbət əsnasında Tramp Osloda verilən Nobel Sülh Mükafatı məsələsinə keçib və “dörd sələfi kimi” Norveç hökumətindən dəstək istəyib. O da bildirilir ki, Trampın Stoltenberqlə Nobel Sülh Mükafatı məsələsi ilə bağlı bir neçə telefon söhbəti olub.

Məlumat üçün:

Yens Stoltenberq (1959) Norveç Fəhlə Partiyasının sədri (2002-2014), maliyyə naziri (1996-1997), baş nazir (2000-2001, 2005-2013), NATO-nun baş katibi (2014-2024) vəzifələrində çalışıb. Hazırda 04.02.2025-dən Norveçin maliyyə naziri, 16.02.2025-dən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifələrində çalışır. Norveçin ən sözü keçən siyasətçilərindən biridir.

Yəqin, telefon danışıqlarında Stoltenberqə deyib ki, mənə Nobel mükafatı verməsəniz, Norveçə qarşı tarifi 50%-ə qaldıracam, versəniz – 10%-ə endirəcəm. Hazırda Norveçə Aİ üzvü kimi 15% tarif tətbiq olunub.

Bu il Nobel Sülh Mükafatına 200-ə yaxın adamın namizədliyi təqdim olunub. 10 oktyabrda mükafatın qalibi elan olunacaq. Çox az vaxt qalıb – Tramp tələsməlidir. Nəyin bahasına olursa-olsun, təcili Ukraynada müharibəni dayandırmaq lazımdır. Bunu bacarmasa, Tramp Nobeli görməyəcək. Əlbəttə, Putin də Alyaskada onun bu şöhrət xəstəliyindən istifadə edəcək.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights