Donald Tramp son günlər haqqında tez-tez danışdığı 20 maddədən ibarət “Qəzzada Sülh Planı”nı qəbul etmək üçün HƏMAS-a oktyabrın 5-i saat 18:00-a (Bakı vaxtı ilə bazar ertəsi saat 02:00) qədər vaxt verdiyini açıqlayıb.
Tramp bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bu paylaşım, əslində, HƏMAS-a son xəbərdarlıqdır.
“Hər bir ölkə sülh planını imzaladı. Bu son şans razılaşması əldə olunmasa, HƏMAS heç kimin indiyə qədər görmədiyi səviyyədə dəhşətli cəhənnəm yaşayacaq”, – deyə Tramp yazıb.
Bu xəbərdarlıqda Trampın əsl hədəfi üzə çıxır. Çünki Tramp srağa gün bu planı açıqlayanda onsuz da ilk başdan yaxşı bilirdi ki, HƏMAS sözügedən planı əsla qəbul etməyəcək. Trampa da elə bu lazımdır.
Tramp HƏMAS-ın onun təklif etdiyi “Qəzzada Sülh Planı”nı qəbul etməsində və bununla da Qəzzada tezliklə gerçək sülhün bərqərar olunmasında maraqlı deyil.
Maraqlıdır, görəsən, Trampın irəli sürdüyü “Qəzzada Sülh Planı”nda HƏMAS-ı qane etməyən hansı məqamlar yer alıb ki, HƏMAS bu planı qəbul etməkdən qəti şəkildə imtina edir?
BBC-yə açıqlama verən HƏMAS-ın təmsilçisi bildirib ki, təşkilat ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planını rədd edəcək. Onun sözlərinə görə, plan İsrailin maraqlarına xidmət edir və fələstinlilərin hüquqlarını nəzərə almır.
Müvəqqəti Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinin əleyhinə çıxan və bunu işğalın yeni forması kimi qiymətləndirən HƏMAS nümayəndəsi bildirib ki, Trampın sülh təşəbbüsü fələstinlilərin siyasi hədəflərinə uyğun gəlmir və bu plan bölgədə ədalətli sülh yaratmaq əvəzinə, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Beləliklə, HƏMAS-ın Trampın “sülh planı”ndan imtinasının səbəbləri bunlardır:
– Planda savaşın qəti şəkildə dayandırılmasına dair heç bir aydın və məcburi öhdəlik yoxdur.
– İsrail ordusunun Qəzzadan tam və geri dönməz şəkildə geri çəkilməyə dair heç bir aydın öhdəlik yoxdur.
– Əsirlərin/girovların azad edilməsindən sonra döyüşlərin və hücumların bərpa olunmayacağına zəmanət yoxdur.
– Plan qəbul edildikdən sonra məcburi yerdəyişmə ssenarisinin həyata keçirilməyəcəyinə zəmanət yoxdur.
– Fələstinli məhbusların hamısının azad edilməsi ilə bağlı öhdəlik yoxdur.
– Son iki onillikdə mövcud olan blokadanın götürülməsi öhdəliyi yoxdur.
– Həqiqi və tam suveren Fələstin dövlətinin yaradılmasına dair heç bir müddəa yoxdur.
– İki ildir davam edən hücumlarda həyatını itirən minlərlə şəhid və yaralının vəziyyəti və təzminatları ilə bağlı heç bir tənzimləmə yoxdur.
– Sektor 9-un məhvinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyacaq heç bir müddəa yoxdur.
– Plan regionda beynəlxalq və ərəb qəyyumluğuna bənzər bir protektorat/işğal sistemi tətbiq edir.
– Plan fələstinlilərin müqavimətinin bütün mövcud və gələcək formalarını aradan qaldırmağı hədəfləyir.
– Plan Netanyahuya müharibə və ya danışıqlar yolu ilə nail ola bilmədiklərini diplomatiya ilə təmin etmək məqsədi daşıyır.
– Plan Netanyahunu ölkə daxilində qoruyacaq (korrupsiya işlərində amnistiya) və ona beynəlxalq miqyasda toxunulmazlıq (müharibə cinayətləri araşdırmalarından toxunulmazlıq) verəcək.
– Plan İsrailin, xüsusən də Qərb dairələrində beynəlxalq təcridini qırmaq məqsədi daşıyır; Bu məqsəd həm Netanyahu, həm də Tramp tərəfindən etiraf edilib.
– Plan normallaşdırma sazişlərinin əhatə dairəsini genişləndirmək üçün məkrli əsas verir; İndoneziya, Pakistan və Qətər kimi digər ərəb/islam ölkələrinin də prosesə daxil ediləcəyi gözlənilir.
– Bu plan Fələstin tarixindəki ən böyük sui-qəsddir və biabırçı ərəb-islam əməkdaşlığı ilə həyata keçirilir.
– Planı qəbul etmək İsrailin qələbəsi, Fələstinin məğlubiyyəti və məsələnin ortadan qalxması demək olardı.
– Planı qəbul etmək Fələstin üçün siyasi intihar olardı (Fələstin Azadlıq Hərəkatının silahı yerə qoymasından və İsraili tanımasından sonra baş verənləri xatırlamaq lazımdır).
HƏMAS və bir çox qəzzalılar məhz bu səbəblərə görə Trampın sözdə “sülh planı”nı qəbul etmək istəmirlər. Lakin buna baxmayaraq Tramp HƏMAS-a bilərəkdən əlavə 2 gün vaxt verdi.
Beləliklə, çox güman ki, iki gündən sonra Qəzzada yenidən qanlı qırğınlar başlayacaq. Bu Trampın “ssenari”sinin bir parçasıdır…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi