Rusiya üçün Alyaska sammitində Trampın qəbul edəcəyi tələbləri icra etməsinin əhəmiyyəti yoxdur?
Rusiya bilir ki, Tramp ya buna nail ola bilməyəcək (Britaniya və Aİ imkan verməyəcək), ya da bunu etmək istəməyəcək (buna da vaxt və resurs sərf etmək lazımdır). Lakin bu halda da Rusiya ABŞ-la iqtisadi münasibətləri dayandırmayacaq, çünki bu ABŞ-ı Ukrayna müharibəsindən kənarda saxlamaq vasitəsidir.
Hətta mənə elə gəlir ki, Trampın götürəcəyi öhdəlikləri yerinə yetirməməsi Rusiyanın xeyrinədir, Rusiya buna ümid edir. Belə olduqda Rusiya müharibəni davam etdirməklə Odessanı, Dnepr çayının sol sahilini tam ələ keçirməyə çalışacaq. ABŞ-ın köməyindən məhrum olan, döyüşməyə adam tapmaqda çətinlik çəkən, Donbasda əsas şəhər-istehkamlarını itirən Ukrayna uzun müddət müqavimət göztərə bilməyəcək. Mətbuatdan bilirsiniz ki, Rusiya Donbasda kifayət qədər qoşun və texnika toplayıb. Çoxu düşünürdü ki, həmin qoşunu Rusiya bu yay hücumu üçün hazırlayıb. Məncə isə, onlar sammit sonrası əməliyyatlar üçün toplanıb. Buna nail olarsa, müharibəni davam etdirmək Rusiya üçün mənasızdır. Onsuz da Qara dənizə çıxışdan məhrum olmuş Ukrayna müharibəsiz də parçalanacaq.
Lakin bu plan pozula da bilər – Avropa Rusiyanın hücumunu təxirə salmaq, qüvvə toplamağa vaxt udmaq və ya Trampı yenidən öz “cəbhələrinə” qaytarmaq üçün Rusiyanın tələblərini qəbul etdiyini nümayiş etdirə bilər. Məncə, bu hal da sammit razılaşmasında və ya sammit sonrası işlənəcək proseduralarda nəzərə alınacaq. Prosedurlar qəbul olunanadək Rusiya atəşkəsə getməyəcək. Qəbul olunandan sonra isə Ukrayna dərhal prezident seçkisi gününü elan etməli və uzağı 3 ay sonra seçkiləri keçirtməlidir. Bu müddətdə atəşkəs olmalıdır. Prosedurda prezidentliyə namizədlər barədə də tələblər olacaq (məsələn, banderaçı olmamalıdır və s.). Ukrayna atəşkəsə gedərsə və seçkilərə start verərsə, ölkədə ya təbii, ya da süni inqilab olacaq. Çünki əhali hakimiyyətdən 3,5 il müharibə aparmağın, yüz minlərlə qurban verməyin, ölkəni xarabazara çevirməyin hesabını tələb edəcək… Sonrası kimin hansı ssenari hazırlamasından asılıdır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi