ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin tənzimlənməsi ilə bağlı nikbin proqnozlar verib. O, hər iki dövlətin lideri — Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa görüşün keçirilməsini və “əsaslı bir razılaşmanın” əldə olunmasını vacib sayır.
ABŞ lideri ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində sülh prosesində irəliləyişin vacibliyini vurğulayıb: “Mən istərdim ki, Prezident Putin və Prezident Zelenski görüşsünlər və bir razılaşmaya gəlsinlər. Düşünürəm ki, onlar buna yaxınlaşırlar. Bunu artıq bir müddətdir ki, deyirəm”, — deyə Tramp bildirib. Tramp hər iki tərəf arasında mövcud olan gərginliyi və qarşılıqlı münasibətləri şərh edərkən maraqlı bir detala diqqət çəkib: Tramp qeyd edib ki, tərəflərin bir-birinə qarşı olan şəxsi nifrəti və ya xoşagəlməz münasibəti sülhə gedən yolda maneə olmamalıdır: “Siz başa düşməlisiniz ki, nifrət razılaşma əldə etməyə kömək etmir. Bu insanlar bir-birlərini xüsusilə sevmir, lakin bu, sülh müqaviləsi bağlamaq üçün bir maneə olmamalıdır”.
Hazırda dünya ictimaiyyəti və analitiklər Trampın bu bəyanatını diplomatik təzyiqin artması kimi qiymətləndirir. Lakin tərəflərin danışıqlar masasına oturub-oturmayacağı hələlik sual altındadır.
Ruslan MƏMMƏDOV