Tramp Qəzzada müharibəni dayandırmağa nail oldu

Siyasət və diplomatiyanın bütün ənənəvi oyun qaydalarını, eləcə də mövcud dünya nizamını darmadağın etməsinə baxmayaraq, Donald Trampı Qəzzada sülh prosesinin qalibi hesab etmək olar.

Təsadüfi deyil ki, dünyaca nüfuzlu “Taym” dərgisi də ötən gün Trampın şəklini üz qapağında dərc edərək onu “Qalib” adlandırdı (hərçənd ki, Trampın, nədənsə, həmin şəkildən xoşu gəlmədi).

Qəzzada atəşkəsin başlaması həqiqətən də hamı üçün inanılmazdır.

Çünki Netanyahunun Qəzzada qırğınları dayandıracağına və eyni zamanda, HƏMAS-ın da Trampın təklif etdiyi sülh şərtlərini qəbul edib, sağ qalmış bütün israilli girovları bu tezliklə azad edəcəyinə, doğrudan da, heç kəs inanmırdı.

Trampdan öncə, Co Bayden də son iki ildə Qəzzada davam edən qanlı döyüşlərə son qoymaq üçün dəfələrlə cəhd göstərmişdi. Lakin onun və Entoni Blinkenin bu istiqamətdə səyləri heç bir nəticə verməmişdi.

Tramp isə qeyri-ənənəvi diplomatiya üsullarından istifadə edərək Qəzzada müharibəni dayandırmağa nail oldu. Baxın, son bir neçə ayda Trampın adından həm İsrail tərəfi ilə, həm də HƏMAS-a təsir gücü olan ölkələr (Qətər, Misir və Türkiyə) ilə Qəzza üzrə danışıqları aparan şəxslərin heç biri peşəkar diplomat deyil. Onların əksəriyyəti böyük biznes maqnatlarıdır (o cümlədən Stiv Uitkoff və Cared Kuşner də).

Beləliklə, bu gün dünyanın taleyi diplomatlardan və beynəlxalq hüquqdan yox, iqtisadi maraqların kəsişməsindən (və ya toqquşmasından) asılıdır.

Rusiya-Ukrayna savaşının hazırkı mərhələsi də məhz qlobal iqtisadi maraqların hansı məcraya yönələcəyindən asılıdır (söhbət ilk növbədə ABŞ-Çin maraqlarından gedir). Hətta bir neçə gün öncəki Əfqanıstan-Pakistan qarşıdurması da məhz qlobal iqtisadi maraqların toqquşmasından törəmişdi (burda da yenə də ABŞ və Çin amili əsas rol oynayır).

P.S.Tramp münaqişələri həll edərkən daha çox “dəyənək və kökə” prinsipindən istifadə etməyə üstünlük verir. Yəni ki, o, danışıqlar zamanı münaqişə tərəfləri olan ölkələrdən bəzilərini siyasi təzyiq vasitəsilə, digərlərini isə iqtisadi şirnikləndirmə yoluyla, böyük biznes sövdələşmələri ilə razı salır. Qlobal xaosun hökm sürdüyü hazırkı dövrdə, bu, hələlik ən səmərəli metoddur.

P.P.S.Yeri gəlmişkən, qlobal xaosun hökm sürməsində Trampla yanaşı, Putin və Si Zinpin də maraqlıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights