ELAZ.İNFO VESTİRU-ya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza üzrə Sülh Şurasında daimi yer almaq istəyən hər bir ölkədən təxminən 1 milyard dollar məbləğində vəsait tələb edir. Bu barədə “Bloomberg” agentliyi Şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb.
Sənədə əsasən, hər bir ölkə Şuranın nizamnaməsi qüvvəyə mindiyi vaxtdan etibarən orada ən çox üç il müddətinə təmsil oluna bilər. Səlahiyyət müddətinin uzadılması isə yalnız Şura sədrinin qərarı ilə mümkündür.
“Bloomberg” qeyd edir ki, üçillik üzvlük məhdudiyyəti nizamnamə qüvvəyə mindiyi ilk il ərzində Şuraya 1 milyard dollardan çox pul ayıracaq dövlətlərə şamil edilməyəcək.
Donald Tramp Şuranın ilk sədri olacaq və Şuraya hansı ölkələrin daxil olacağına şəxsən qərar verəcək. Şura üzvləri qərarları səs çoxluğu ilə qəbul etsələr də, bu qərarlar mütləq qaydada sədr (Tramp) tərəfindən təsdiqlənməlidir. Həmçinin, Tramp Şuranın rəsmi möhürünün eskizini də özü təsdiq edəcək.
Xatırladaq ki, ABŞ Prezidenti bundan əvvəl Qəzza zolağında vəziyyətin nizamlanması üzrə Sülh Şurasının tərkibini təqdim etmişdi. Şuraya ABŞ Dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Uitkoff, sahibkar Cared Kuşner və Britaniyanın keçmiş baş naziri Toni Bler daxil edilib.
Ruslan MƏMMƏDOV.