Qəzzada soyqırım törətdiyinə görə, əslində, ABŞ dövləti İsrailin baş naziri Beniamin Netanyahunun Nyu-Yorka gəlməsinə, onun BMT Baş Məclisinin 80-ci yubiley sessiyasında iştirak və çıxış etməsinə izn verməməliydi.
Çünki soyqırımçıların yeri yüksək beynəlxalq kürsülər yox, dəmir barmaqlıqlar arxasındakı müttəhim oturacaqlarıdır.
Lakin BMT-nin sessiyasında çıxış edən Kolumbiyanın açıq sözlü, cəsur dövlət başçısı Gustavo Petro`nun söylədiyi kimi, “Avropa parçalanır, ABŞ isə yeni Hitlerini alqışlayır”.
“Yeni Hitler” deyilərkən Netanyahu və Putin nəzərdə tutulur. Və onların hər ikisinə də məhz ABŞ prezidenti Donald Tramp “xaç ata”lığı edir.
Bu adamlar “21-ci əsrin Hitleri” rolunda çıxış edirlər. Onlar bu seçimi özləri könüllü ediblər.
Biri Ukraynanı və Ukraynanın üzərindən bütün Avropanı “olum və ölüm” sualı qarşısında qoyub, digəri isə Qəzzanın timsalında Yaxın Şərqi və bütün müsəlman dünyasını hədəf alıb.
Lakin BMT Baş Məclisinin 80-ci sessiyası ərəfəsində Avropa və dünyanın bir çox ölkələrinin Netanyahunun Qəzzada törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq ard-arda Fələstin dövlətini tanımağa başlamaları və Ukraynaya daha sıx dəstək vermələri həm Trampı, həm də onun havadarlıq etdiyi Netanyahunu və eləcə də Putini çətin vəziyətdə qoydu.
Netanyahunun Qətərin paytaxtı Dohanı bombalatdırmasından sonra müsəlman ölkələrinin fövqəladə sammit keçirmələri və eləcə də Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Pakistan kimi aparıcı müsəlman ölkələrinin ABŞ-İsrail təhdidlərinə qarşı “İslam NATO-su”nun yaradılması təşəbbüsü ilə çıxış etmələri də Trampı bir addım geri çəkilməyə məcbur etdi. Tramp bir yandan bütün Avropanın, digər tərəfdən isə bütün ərəb-İslam dünyasının ABŞ-a qarşı sərt mövqeyə keçməsinin Birləşmiş Ştatlar üçün ciddi problemlər yaradacağını başa düşüb bir Netanyahuya görə bu qədər böyük riskə getməkdən vaz keçdi.
Belə ki, ABŞ prezidenti sentyabrın 25-də bəyan etdi ki, İsrailin baş naziri Benyamin Netanyahuya İordan çayının Qərb sahilini ilhaq etməyə icazə verməyəcək.
“İsrailin Qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm… Artıq yetər. Dayanmaq vaxtıdır”, – deyə Tramp bu məsələni birbaşa Netanyahu ilə müzakirə etdiyini də əlavə edib.
Yeri gəlmişkən, ifrat sağçı-millətçi israillilər Qərb ölkələrinin Fələstini tanımalarını dayandırmaq üçün Netanyahunu İordan çayının Qərb sahilini ilhaq etməyə çağırırdılar. Netanyahu belə bir sürpriz çağırışdan biraz da ruhlanaraq həm Qəzzanı tam olaraq ələ keçirməyi, həm də bu ayın sonunadək Qərb sahilinin böyük bir hissəsini anneksiya etməyi planlaşdırırdı. O, eyni zamanda, Ərdoğana da mesaj göndərirdi ki, “Qüds şəhəri bizimdir, bizim də qalacaq”.
Lakin Böyük Britaniya, Fransa, Kanada liderləri İsrailin baş nazirini bu cür çılğın, təxribatçı ilhaq planlarından çəkindirməyə çağırdılar.
BMT-nin baş katibi Antonio Quterreş isə, ümumiyyətlə, BMT sessiyasındakı çıxışında Netanyahunun bu planlarını “əxlaqi, hüquqi və siyasi baxımdan qəbuledilməz” adlandırdı.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə açıq şəkildə bildirdi ki, İsrailin ilhaq addımları həmçinin “İbrahimi sazişləri”nə də ciddi ziyan vuracaq. Bu sazişlər isə bildiyimiz kimi ABŞ-ın vasitəçiliyi (Trampın “xaç ata”lığı) ilə İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına hesablanıb və Tramp da bu sazişin imzalanmasını özünün birinci prezidentlik dönəmindəki xarici siyasətinin əsas uğurlarından biri hesab edir və bu sazişə qoşulan ölkələrin sayının daha da artırılmasını istəyir. Lakin Netanyahunun azğın siyasəti artıq bu sazişi də təhlükə altında qoymaqdadır.
Ona görə də müsəlman dünyasının və Avropanın Netanyahunun azğınlığına sərt təpkisi Trampı həm İordan çayının Qərb sahilinin İsrail tərəfindən ilhaq edilməsinə mane olmaq üçün dərhal hərəkətə keçməyə, həm də Qəzzadakı müharibəni dayandırmaq üçün plan cızmağa məcbur etdi. Söhbət ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs üçün təqdim etdiyi 21 bəndlik yeni təkliflər paketindən gedir. “Uitkoff planı” adlanan bu paket bu həftənin əvvəlində BMT Baş Assambleyası zamanı Trampın ərəb və müsəlman liderləri ilə görüşü zamanı təqdim edilib.
Həmin görüşdə Tramp bəyan etdi ki, Netanyahunun İordan çayının Qərb sahilini və ya Qəzzanın hər hansı hissəsini ilhaq etməsinin qarşısını alacaq. O, həmçinin qeyd etdi ki, Stif Uitkoffun hazırladığı 21 maddəlik təkliflər paketinə ki, İsrailin hücumlarının dayandırılması, bütün israilli girovların 48 saat ərzində azad edilməsi, ABŞ-ın Fələstin-İsrail dialoqunu asanlaşdırması, fələstinlilərin Qəzza zolağında qalmasının təmin edilməsi, HƏMAS-ın Fələstinin yeni administrasiyasından kənarlaşdırılması və s. məsələlər daxildir.
Bu bəndlər fələstinliləri də, Fələstin dövlətini tanıyan Qərb ölkələrini də qane edir.
Yazı davam edir…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi