Toplantının gündəliyi heç kimə məlum deyildi

27 sentyabrda ABŞ-ın dünyaya səpələnmiş bütün hərbi bazalarından və gəmilərindən 700-ə yaxın general və admiralları 30 sentyabrda ABŞ-da (Virciniya ştatının Kuantiko dəniz piyadaları bazası) keçiriləcək qapalı toplantıya çağırıldılar. Toplantının gündəliyi heç kimə məlum deyildi. ABŞ tarixində heç vaxt bütün general və admiralların toplandığı tədbir olmamışdı.

Toplantı keçirildi. Müharibə naziri Pit Heqset və Tramp çıxış etdilər. Heqset dedi ki, Pentaqonda “Müxtəliflik, bərabərlik və inklüzivlik” proqramları ləğv edilir, feminizmlə yanaşı voukizm və transgender gündəmi rədd edilir. Hamı Müharibə nazirliyinin yeni standartlarına uyğun olmalıdır: üz təmiz qırxılmalıdır, kök hərbçi, yubkalı kişi olmamalıdır, fiziki hazırlıq tələblərinə azı 70% uyğun olmalıdır, ildə 2 dəfə fiziki hazırlıq testi verməlidir və s. Kim yeni tələbləri və şərtləri qəbul etmirsə, ərizəsini yazıb istefaya gedə bilər.

Tramp isə çıxışında, həmişəki kimi, özünə və ABŞ-a mədhiyyələrini təkrarladı: nə bilim, ABŞ dünyanın ən güclü dövlətidir, ən güclü ordusu var, ABŞ-ın sualtı qayıqları nə suyun altında, nə də üstündə “görünmürlər” (üstündə də?!), mən 7 münaqişəni dayandırmışam, indi 8-cini – 3000 il davam edən münaqişəni (Qəzzanı nəzərdə tutur) dayandırmağa yaxınam və s.

Çıxışlar haqqında mətbuata sızan məlumatlardan yenə məlum olmadı ki, bu qədər yüksək rütbəli zabitlərin təcili ABŞ-a çağırılmasında məqsəd nə idi. Buna görə də onların məqsədi haqqında ehtimalımı sizinlə bölüşürəm.

Əvvəl tədbirin vaxtına baxaq. Tədbirin keçirilməsi barədə qərar sentyabrın sonlarında verilib. Çünki generallar 27 sentyabrda çağırılıblar. Normalda yüksək ranqlı şəxslər hər hansı tədbir barədə azı 2 həftə əvvəl məlumatlandırılırlar, çünki onların, xüsusən də hərbi komandanların öz iş proqramları var. Əgər generallara 27-də çağırış göndərilirsə, tədbirin keçirilmə tarixini azı 1 həftə sonraya təyin etmək olmazdımı, belə tələskənlik nəyə lazım idi? Niyə məhz 30 sentyabrda?

Oktyabrın 1-dən şatdaun oldu. Tramp sentyabrın ortalarından bilirdi ki, şatdaun olacaq, çünki o, demokratlara güzəştə getmək fikrində deyildi. Şatdaun uzun çəkə bilər. Bu vəziyyəti Tramp öz planlarını həyata keçirmək üçün fürsət hesab edir. O ümid edir ki, ödənişsiz məzuniyyətə göndərilən 700 minə yaxın dövlət qulluqçusundan 100 mindən çoxu işdən çıxacaq və ya çıxarılacaq. Eyni zamanda o, ABŞ-ın xaricdəki hərbi bazalarını da azaltmaq, başqa sözlə generalları ixtisar etmək istəyir. Bu yolla o həm də dövlət xərclərinə qənaət edə bilər.

Aydındır ki, ödənişsiz məzuniyyətə çıxarılan işçilər (onlar isə ailələrini də nəzərə almaqla 1,5 milyondan çox adamdır), xüsusən də yüz mindən çox işdən çıxarılanlar hakimiyyətdən narazı qalacaqlar.

Ardı davam edir…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights