Telefonla astadan danışmaq mümkün deyilmi?

İşdən qayıdanda bir qadını avtobusda tez-tez görürdüm, daha doğrusu, eşidirdim. Bu qadın bütün yolu (təxminən, 30-35 dəqiqəlik) ucadan telefonla danışırdı. Özü də yalnız qeybət. İşlətdiyi ifadələr: filankəsin qızı, əri, gəlini… vay-vay-vay, heç kimə demə, aramızda qalsın, biabırçılıq… Bəlkə də avtobusdakıların hamısı onun bütün qonum-qonşularını, onların edib-etmədiklərini, deyib-demədiklərini bilirdilər. Bilmirəm, “heç kimə demə”, “aramızda qalsın” deyəndə bu qadın nəyi nəzərdə tuturdu.

Bəzi kişilər də var, avtobusa minən kimi telefonu götürüb, uca səslə tapşırıqlar verirlər: 20 mini filankəsə ver, filankəsdən 50 min alarsan, 10 ton malı filan yerə apar, 15 tonu filan yerdən gətir… Bilmirəm, bu boyda rəqəmlərlə oynayan niyə avtobusla gedib-gəlir.

Bəzi qızlar da var ki, bütün yolu hansısa oğlanla ucadan flirt edir, göylərdə uçur, harda olduğunu unudur (bəlkə də aktrisalıq edir)… Belə oğlanlar da var. Vallah, bəzən belələrinin söhbətlərindən avtobusda olan digər sərnişinlər qızarırlar, lakin danışanın dünya vecinə olmur…

Məgər bu telefonla astadan danışmaq mümkün deyil (əgər danışığı təxirə salmaq mümkün deyilsə)?

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights