ELAZ.İNFO xəbər verir ki,
– Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədov, Azərbaycanın təhsil sistemində kök salmış “test monopoliyası” və bu sistemin cəmiyyətdə yaratdığı mənəvi aşınmalarla bağlı geniş analitik məqalə ilə çıxış edib.
Dövlətin hər il milyardlarla vəsait ayıraraq çap etdirdiyi dərsliklər, təəssüf ki, şagirdin təhsil ehtiyaclarını qarşılamaqdan çox, vizual bir “bəzək” rolunu oynayır. Ruslan Məmmədovun qeyd etdiyi kimi, dərsliklər şagirdə imtahan üçün lazım olan biliyin cəmi 20 faizini verir:
“Biz özümüzü aldadırıq. Salyanın eləcə də digər rayonların kəndində belə valideyn bilir ki, məktəbin verdiyi kitabla uşaq nə Sınaqdan keçə bilər, nə də KSQ-dən. Proqram dərslikdə deyil, kənarda satılan ‘sehrli’ test banklarındadır. Dərsliklərin içi qəsdən boşaldılır ki, kənardakı ‘test sənayesi’ çiçəklənsin. Bu, təsadüf deyil, konkret bir monopoliyadır.”
Bu gün bir şagirdin 3-4 əsas fənn üzrə test və köməkçi vəsaitlərlə təmin olunması ailə büdcəsinə aylıq 100-150 manat əlavə yük deməkdir. Üstəgəl, repetitor xərcləri bu rəqəmi fantastik həddə çatdırır. Kənd sakini üçün bu vəsaiti qazanmaq və üstəlik həmin kitabları əldə etmək üçün şəhər mərkəzlərinə üz tutmaq fiziki və maddi əzabdır. Elektron resursların “müəllif hüququ” bəhanəsi ilə gizlədilməsi isə xalqın maariflənməsinə qoyulan rəsmi səddir.
Metodoloji baxımdan təhsilimiz “Kurikulum” adlı bir eksperimentin girovuna çevrilib. Ruslan Məmmədov bu sistemin mənşəyinə toxunaraq bildirir: “Amerika istehsalı olan bu sistem hələ ABŞ-ın bir çox ştatında rədd edilir və pilot layihə statusundadır. Amma bizdə bu, ‘peşəkarcasına’ və məcburi şəkildə tətbiq olunur. Nəticədə uşaqlarımızın çantasının ağırlığı öz çəkilərini keçib, beyinləri isə lazımsız test yığınları ilə robotlaşdırılıb.”
Məqalənin ən sarsıdıcı məqamı “Uşaqların Səssiz Fəryadı” təhsilin yaratdığı mənəvi aşınmadır. İndiki uşaqlar dərrakəli və hissiyatlıdır; onlar ailənin maddi çətinliyini dərk edirlər. Bir çox istedadlı şagird valideyninə yük olmamaq üçün testlərdən və sınaqlardan yayınıb həm ailəsinə, həm müəlliminə yalan danışmağa məcbur qalır.
“Biz dürüst vətəndaş yox, mənəviyyatı sınıq, yalan danışmağa sövq edilmiş bir nəsil yetişdiririk. Uşaqlarımızı bu yolla yararsız etmək sadəcə sosial cinayət deyil, vətənə xəyanətdir!”
Milli Cəbhə Partiyası olaraq Ruslan Məmmədov çıxış yolunu aşağıdakı təkliflər paketində görür:
Dərsliklərin Bütövlüyü: Dövlət dərslikləri imtahan bazasını tam əhatə etməli, əlavə vəsait ehtiyacı aradan qaldırılmalıdır. Elektron Əlçatanlıq: Bütün KSQ, BSQ və sınaq testləri nazirliyin rəsmi saytında ödənişsiz PDF formatında yerləşdirilməlidir. Mənəvi Mühitin Qorunması: Məktəblərdə pullu vəsait təbliğinə son qoyulmalı, təhsil imkanlı ailələrin lüksü deyil, hər bir uşağın haqqı olmalıdır. Süni intellektin dünyanı fəth etdiyi bir dövrdə Azərbaycan şagirdi kağız monopoliyasının qurbanı olmamalıdır.
Ruslan MƏMMƏDOV

