–“Tariximizi unutmayaq və unutdurmayaq!”

–“Tariximizi unutmayaq və unutdurmayaq!”

Yola saldığımız illərdə faciələrlə dolu bir tarixi yaşadı xalqımız. Bu tarix xalqımızın qan yaddaşını bir daha təzələdi. Nənələrimizin, babalarımızın qasnaq tutmuş yaralarının közü yenidən qopardıldı. Yenidən qaniçən yağılarla üz-üzə durduq. Xalqımızın əzab-əziyyətlə, qanı-canı bahasına ötüb keçdiyi tarixin ağrı-acılarla dolu, dumanlı-çənli səhifələrini xatirimdə bir-bir vərəqləyirəm. Gözlərim önünə bədxah qonşularımızın başımıza gətirdikləri faciələrin dəhşəti hopmuş səhnələr; 1905-1907, 1918-1920, 1948-1953 və ən nəhayət, 1988-ci ildən bu günədək davam edən qanlı-qadalı günlər, aylar-illər, soyqırımlar, bəşəriyyəti dəhşətə salan Xocalı, Qaradağlı, Daşaltı, Kəlbəcər, Qubadlı, Laçın faciələri gəlir. Xəyalımda el-obasından didərgin düşmüş, xarabalıqlara çevrilmiş, ocağı sönmüş, külü göyə sovrulmuş yurd yerlərimiz canlanır.  Yadıma düşür qəhərin, əlacsızlığın boğazımızı daş kimi tutub kilidlədiyi, boğduğu günlər.

Tarixdən bildiyimiz kimi XIX yüzilin sonlarından etibarən Türkiyədən Azərbayacana kütləvi şəkildə köç edən ermənilərə Çar Rusiyası havadarlıq etdi. 1894-1896 ilindən etibarən tarixi özbəöz topraqlarımızda, ərazilərimizdə ermənilərə hüquq tanıdılar, yerli azərbaycanlıları ermənilərin xoşlandıqları ərazilərdən sürgün etdilər, onları al qanlarına boyadılar. Ağbabada, Vedidə, Dərələyəzdə, Göyçədə, İrəvanda və başqa tarixi yurd yerlərimizdə xalqımıza qarşı amansız şəkildə davranaraq, topraqları əllərindən alındı. Uşaq-ixtiyar, qadın bilmədi bu zalım, qan içənlər. İsti aşımıza soyuq su, sakit yuxumuza haram qatdılar, dincliyimizi, rahatlığımızı əllərimizdən aldılar, hüquqlarımızı ayaqlar altına sərdilər. Dirənərək qalanlar isə öz torpaqlarında qonaq durumuna düşürüldülər. Xalqımıza qarşı geniş miqyaslı hücumlar ara vermədi. İxtilaf ocaqları bilərəkdən hey alovlandırıldı. Hər dəfə də ixtilaf ocaqları atəşləndiyində erməni xainləri daha çox əraziləri alır, azərbaycanlıları qırır, onların yurdlarına sahibləndilər. Qadınların, qocaların, körpələrin yerə-göyə sığmayan fəryadları bu zalımları daha da qudurtdu.

Əslındə xalqımıza qarşı edilən soyqırımların ilk başlanğıcı 1905-1906-cı illərdə oldu. Bu qətliamlarda on minlərlə azərbaycanlı öldürülmüşdü, yüzlərlə yaşayış məskəni darmadağın edilmişdi.

Erməni müəllifi A-do yazır ki, 1905-1906-cı illərdəki qırğınlar  zamanı İrəvan vilayətindəki 1301 kənddən 959-da, Zəngəzur vilayətindəki 406 kənddən isə 314-də türklər (azərbaycanlılar) yaşıyırdılar. Etnik təmizləmə sayəsində bu gün təəssüf ki, bu ərazilərdə bir dənə də olsun, azərbaycanlılara məxsus kənd, qəsəbə qalmamışdır. 

İkinci soyqırım birincidən daha amansız oldu. 1918-ci ilin 30 mart tarixindən etibarən başlayaraq 3 aprel tarixlərinə qədər Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər ərazilərdə davam edən qətliamlar ən amansız şəkildə aparılmışdı.

Təkcə Bakıda 1918-ci iln mart ayının 31-dən aprel ayının 2-dək daşnak-bolşevik qüvvələri tərəfindən 12 min azərbaycanlının həyatına faciəvi şəkildə son verilmişdi.

Çar Rusiyası tərəfindən hazırlanan və XIX yüz ilə aid olan bu xəritəyə göz gəzdirmək yetər ki, bu ərazilərin tarixi türk torpaqları-Azərbaycan torpaqları olduğuna bir daha əmin olasan. Bildiyimiz kimi, hər bir xalq yaşadığı əraziyə öz dilində ad qoyar, oronimləri, oykonimləri, hidronimləri (yer, məskən, ərazi, çay-dağ və başqa coğrafi isimlər) öz ana dilində səsləndirər. Həmin bu xəritədə bütün yer-göy adları türk dilində çiçək açmış kimidir. Təəssüf ki, bu xain iki üzlülər o isimləri zamanla dəyişdirmiş-erməniləşdirmişlər. Və bu mənfur, çoxəsrlik planın sayəsində ermənilər bu ərazilərin yerli sakinləri olduqlarını sübuta yetirməyə çalışırlar.

Zatən bizim buranın Aran bölgələrinin əhalisinin soy-kökünü araşdırdığın zaman onların indiki Ermənistan ərazisindən göçürüldüyü qənaətinə gəlirsən. 1735-ci ilindən bu yana rus çarı birinci Pyotrun azərbaycanlıların tarixi ərazilərindən köçürülməsi ilə bağlı verdiyi fərmandan sonra xalqımız o gözəl, möhtəşəm yerlərdən zaman-zaman sürgün edildilər, məqsədli şəkildə ermənilər Qafqaza yerləşdirildilər.

Bədxah qonşularımızın xalqımızın başına gətirdikləri bu oyunlar daima həm yerli, həm də beynəlxalq mətbuat vasitələrində aktual mövzu olmalıdır ki, bütün dünyanın sülhsevər, ədalətli dövlətləri bu haqlı davamızda bizim yanımızda yer alsınlar”.

Ardı davam edir….

 İlahə BAYINDIR

Tarixçi-tədqiqatçı

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights