Tarixi abidələrə düşmən kəsilən şəxslər bu şəhərdən çıxarılmalıdır

Bu gün sosial şəbəkədə Gəncədə yerləşən Alban məbədinin ərazisində tikinti işlərinin aparılması ilə bağlı narahatlıq yaradan xəbərlərə rast gəldim. Dəyərli həmkarım Bəxtiyar müəllimin və vaxtilə bu sahədə çalışan Aygun Gasımovanın yazısını oxuduqdan sonra əraziyə gedib yerində baxmaq istədim. Nəticədə Alban məbədinin tam yaxınlığında tikinti işlərinin aparıldığını gördüm.

Abidə Mədəniyyət Nazirliyinin balansındadır və qorunur. Bu gün Qafqazda kimliyimiz uğrunda, dövlətçiliyimiz uğrunda ölkə prezidentinin apardığı dayanıqlı siyasət və inkişafa, Gəncədə cənab prezidentin birbaşa nəzarəti ilə son aylarda görülən işlərə cavabdırmı bu məsuliyyətsizlik?? Kimliyindən asılı olmayaraq tarixi abidələrə düşmən kəsilən şəxslər birmənalı olaraq bu şəhərdən çıxarılmalıdır. Vaxtilə Alban məbədində Kamera orkestrinin repertuarına qulaq asardıq.

Bina bu gün sahibsiz qalmamalıdır. Vaxtilə regional mədəniyyət idarəsinin müdiri olmuş hörmətli dostumuz Pərvin müəllim tarixi abidələrin qorunmasına səlahiyyətli şəxsdir. Mən ona üzümü tuturam. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi müəllimə, Gəncə İctimai iştirakçılıq Məclisinə, Pərvin Kərimzadə xanıma, Müşviq Cəfərova, Musa Quliyevə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və onun yanındakı qüruma tarixçi kimi, Gəncəni sevən bir vətəndaş olaraq müraciət edirəm. Alban məbədinə qarşı başlayan soyqırıma son qoymaq üçün fəaliyyətə keçin, o tikintini aparan sizdən səlahiyyətli deyil.

Bina köhnə və dəyərli abidədir. Onun yaxınlığında qazıntı və tikinti işi aparmaqla ömrünə balta vurulur.

Məleykə ƏLİZADƏ

Bizimlə oxuyun
Verified by MonsterInsights