Tarix özünü müdafiə edə bilmir.

ELAZ.İNFO


Psixoloji nəzəriyyələrə görə proyeksiya insanın özündə qəbul etmədiyi xüsusiyyətləri, daxili konfliktləri və mənfi emosiyaları başqasına aid etməsidir. Bu müdafiə mexanizmi yalnız gündəlik davranışlarda deyil, yaradıcı fəaliyyətlərdə, xüsusilə də tarixi fiqurların ekran interpretasiyasında aydın şəkildə özünü göstərir.
Əxlaqı və mənəvi bütövlüyü ilə tanınmış bir tarixi şəxsiyyətin romanda, filmdə tərsinə təqdim olunması çox vaxt rejissorun şəxsi yanlılığı, tərəf tutması (ingiliscəsi-bias), fərdi emosional təcrübələri və psixoloji proyeksiyası ilə əlaqədardır. İnsan öz həll olunmamış əxlaqi dilemmasını və ya daxili narahatlıqlarını bilmədən tarixi obraza köçürə bilər. Nəticədə yaradılan roman ve ya ekran obrazı tarixin obyektiv faktlarına deyil, rejissorun psixoloji filtrlərinə və subyektiv qavrayışına əsaslanır.
Koqnitiv psixologiya göstərir ki, fərdlər reallığı tam obyektiv şəkildə deyil, öz dəyərləri, inancları və təcrübələri prizmasından qəbul və dərk edirlər. Buna görə yaradıcının şəxsi dünyagörüşü, emosional vəziyyəti və yaşantıları tarixi materialın interpretasiyasını qaçınılmaz şəkildə formalaşdırır.
Tarix isə dəyişməzdir, o özünü müdafiə edə bilmir. Onun müdafiəsi, düzgün təqdimatı yaradıcı şəxsin şəxsi meyllərindən deyil, obyektiv faktların qorunmasından, ədalət və etik məsuliyyət prinsipindən asılıdır.
Buna görə də əsas sual həmişə aktual qalır: eserde gördüyümüz obraz tarixi fiqurun həqiqi səsi olur, yoxsa onu təqdim edən şəxsin psixoloji kölgəsi, proyeksiyası?

Xaləddin İBRAHİMLİ -Professor

Bizimlə oxuyun
Verified by MonsterInsights