Tarix heç kimə dərs olmur

Pokrovskdakı vəziyyət və Ukrayna hakimiyyətinin reaksiyası (eləcə də Ukrayna və onun təsiri altında olan bir çox ölkələrin mediası) bəzi xoşagəlməz paralellər doğurur. Ukraynanın təbliğat maşını II DM illərində Almaniyanın təbliğat sistemini xatırladır.

1945-ci ilin yazında (!) 3-cü Reyxin təbliğatçıları Almaniyanın tezliklə qələbə çalacağını iddia edirdilər. Beyinyuma konveyer üsulu ilə davam edirdi. Ən əsası isə – Gebbels istədiyinə nail ola bilirdi! Əsir düşən alman əsgər və zabitlərinin ifadələrinə görə, 1944-cü ilin avqustunda onların ~60%-i Almaniyanın qələbəsinə möhkəm inanırdı və 1945-ci ilin martına qədər, artıq Almaniyanın məğlubiyyətinin labüd olmasına baxmayaraq, alman ordusunda qələbəyə inananlar azı 40% təşkil edirdi.

Alman təbliğatçıları düşmən üzərində uydurma qələbələr haqqında filmlər çəkdirdilər. Gebbels “elastik cəbhə xətti” terminini “kəşf etdi” (bu terminlə geri çəkilmə hiyləgər bir döyüş taktikası kimi təqdim edilirdi).

Gebbelsin gündəliklərindən göründüyü kimi, o hesab edirdi ki, Hitler cəbhəyə gəlsə və ya xalqa müraciət etsə, vəziyyət kökündən dəyişər – alman xalqı ayağa qalxar və öz problemlərinin öhdəsindən gələr.

Gebbels gündəliyində 1945-ci ilin aprel ayında yazmışdı:

“İşğal olunmuş ərazilərdə çalışan ingilis-amerikan jurnalistlərin bəyanatları ilə bağlı xəbərlər gəlir. Onlar alman xalqının heç vaxt təslim olmayacağı fikrini ifadə edirlər. Onlar deyirlər ki, Almaniyanın düşmənləri ilə sülh yalnız Hitler, Himmler və ya Gebbels tərəfindən bağlana bilər, lakin onlar Almaniyanın maraqlarına cavab verməyən heç bir sülhə getməyəcəklər”.

İfadələr tanış gəlir?

“İngiltərədə müharibəsonrakı gələcəklə bağlı narahatlıq günü-gündən artır. İngilislər ümidsiz bir xalqa çevrilib. Çörçil onları bu taleyüklü müharibəyə sürüklədi. Xalq qələbə qazansa da, qazanmasa da, son nəticədə ölkəsini itirəcək.”

“İngiltərə”ni “Rusiya”, “Çörçill”i “Putin” ilə əvəz edin və siz təxminən Ukrayna mediasının bu gün Rusiyadakı vəziyyətlə bağlı dərc etdiyi xəbərləri alacaqsınız.

“Fransa paytaxtında qəzetlər Parisin aclıqdan ölümlə təhdid edildiyini böyük başlıqlar altında yazırlar. Fransadakı vəziyyət təsviredilməzdir.”

Bir daha xatırladıram ki, Gebbels bunları 1945-ci ilin aprel ayının əvvəllərində yazıb.

Aprelin 4-də Gebbels elan etdi ki, panikaçılar Vyananın düşmən tərəfindən ələ keçirilə biləcəyi barədə şayiələr yayırlar, lakin igid alman qoşunları düşmənin “ikinci paytaxta” daxil olmasına heç vaxt imkan verməyəcək. O tələb edirdi ki, bu cür dezinformasiyaya son qoyulsun. Cəmi 10 gün sonra Vyana Sovet qoşunları tərəfindən azad edildi.

Nasist təbliğatı dinc əhali arasında qorxu hissini də gücləndirirdi. Məsələn, belə bir populyar təbliğat var idi ki, Almaniya məğlub olarsa, bütün alman əhalisi Sibirə göndəriləcək. Bir çox şəhərlərdə belə plakatları görmək olardı: “Sieg oder Sibirien!” – “Qələbə və ya Sibir!” Xalq buna, həqiqətən də, inanırdı.

Eynisini biz Vətən müharibəsində də gördük. Paşinyanın atəşkəs (kapitulyasiya) sazişini imzalaması Ermənistan əhalisi üçün şok effekti yaratdı. Axı bütün 44 gündə Ermənistan təbliğatı “qəhrəman” erməni ordusunun “alverçi” “azer”ləri darmadağın etdiyi barədə yazırdı…

İndi də müasir təbliğatçıların Ukrayna cəbhəsindən reportajlarını oxuyanda başa düşürəm ki, bütün bunlar əvvəllər də olub, biz bunları artıq keçmişik. Ancaq tarix heç kimə dərs olmur.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights