ELAZ.İNFO, BAKI, 15.05.2025.
Sosial şəbəkə faktoru və virtual tanışlıqlar artıq hər birimizin həyatında istər mənfi, istərsə də müsbət mənada öz izini buraxmaqdadır. Real həyatda bəlkə də heç vaxt görə bilmədiyimiz, hətta tanış ola bilməyin xəyalını qurduğumuz insanları sosial şəbəkələrdə asanlıqla görür və virtual münasibətlər qururuq. Hətda aramızda elələri də var ki, bu münasibətləri daha dərin şəkildə irəlilədib, qarşı tərəfin etibarını qazanaraq dostluğa, tanışlığa və bir çox başqa ünsiyyət formalarına çevirərək dərin ilişkilər qurmağa nail olurlar. Təbii ki, bu iki insanın arasında cərəyan edən səmimiyyətin dərəcəsindən asılıdır. Sosial şəbəkədə kənardan soyuq münasibətdə görünən elə insanlar da var ki, bəlkə də bir-birinə ən doğma insandan belə daha yaxındırlar. Lakin bunu ətraf mühit nə bilir nə də güman edir. Bəlkə də belə insaların çoxu real həyatda qura bilmədiyi səmimi ünsiyyəti virtualda qurmağı bacardığı üçün özünü dünyanın ən xoşbəxt insanı kimi hiss edir və bu çox müsbət haldır. Lakin aramızda elələri də var ki, qarşı tərəfin “Salamını” aldığı üçün həyatının ən böyük peşmançılığını və faciəli günlərini yaşayır. Təəssüf hissilə qeyd edim ki, belələri də az deyil aramızda.
Hörmətli oxucum, insan psixalogiyası görmədən, bilmədən, duymadan da hiss etməyə qadir bir varlıqdır. Çünki biz mənəvi dəyərlərlə yüklü olan sosial varlıqlarıq. Hər zaman ünsiyyətə ehtiyac duyuruq. Canlıların ən alisiyik. Tanrının yaratdığı ən böyük əsərik! Mən bu kəlməni boşuna qeyd etmədim. Canlılar aləminin ən üstün varlığı məhz insan faktorudur. Çünki ona şüur, əqidə, özünüdərk və özünü ifadə edə bilmək kimi seçilmiş üstünlüklər bəxş olunub. Bəs görəsən insanların bir-birini küçümsəməyə, alçaldmağa, aldatmağa, hisslərilə oynamağa nə vadar edir? Buna hansı səbəblər əsas verir?
Bir insanı qazanmaq nə qədər çətindirsə itirmək də bir o qədər asandır! Kimsə vaz keçilməz deyil bu həyatda. Qeyd edim ki, hər kəs özünə görə bir fərddir və onun yaşadığı özünəməxsus bir həyat tərzi var. Bəzən elə hallarla qarşılaşırıq ki, səhv edən birini görüncə ilk əlimizdən gələn onu qınamaq və dərhal münasibətləri kəsib uzaqlaşmaq olur. Lakin zaman keçdikcə həyat bizə tam tərsini öyrədir.
Kimisə yaşadığı həyat tərzinə görə qınamaq, cəmiyyətdən təcrid etmək olmaz. Təbii ki, istisna halları vardır. Hansı ki, onlar mental dəyərlərimizlə ziddiyyət təşkil edir. Mənəvi və əxlaqi dəyərlərimizə uyğun olmayan münasibətlər əlbəttə ki, qəbul edilməzdir və belələri sağlam şəkildə tənqid olunmalıdır.
İnsanlarımızın doğru üslubda tərbiyələnməsi, əxlaqi dəyərlərə sahib olması və cəmiyyətə qazandırılması başlıca şərtlərdən biridir. Şəxsən sosial şəbəkədə elə insanlar tanıyıram ki, həqiqətən insanların naxışıdırlar bu mənada və nə yaxşı ki, vardırlar! Və elə tanıdıqlarım, bildiklərim də vardır ki, üzr istəyirəm ifadəmə görə eşşəkk onlardan yaxşıdır və nə yaxşı ki, onlar da vardırlar. Əks təqdirdə yaxşıları tanımaq, dəyərləndirmək mümkün olmazdı. Əziz dostlar hər birinizdən təvəqqem var.
Dəyərinizi bilənlərə qarşı hörmətlə yanaşın! Səmimiyyətdən sui-istifadə etmək olmaz. Bu insanın etimadını, inamını heçə endirir. Sizi qiymətləndirən insanlar bilin ki, Tanrının sizlərə lütf etdiyi ən gözel hədiyyədir. Əgər dəyər verən bir qadındırsa, daha da həssas yanaşın, çünki qadınlar duyaraq, hiss edərək hərəkət edər və ürəyi ona “etibar et” deməsə əsla kimsəyə güvənməz! Dəyərləri olmadan yaşayanlar isə nəinki alim, şair, həkim, hakim sözün həqiqi mənasında heç İNSAN da ola bilməz!
Umuxanım HÜSEYNOVA- Türkiyə