ELAZ.İNFO xəbər verir ki, Əfqanıstan-Pakistan sərhədində baş verən son silahlı toqquşmalardan sonra Əfqanıstanda yaşayan qazax, özbək, uyğur, Azərbaycan türklərinin həyatı daha da ağırlaşıb. Taliban rejimi Əfqanıstanı istər puştunlar üçün, istərsə də türk kökənli xalqlar üçün rəsmən cəhənnəmə çevirib. Öz təhlükəsizlikləri üçün ciddi narahatlıq keçirən əfqan qazaxları bu günlərdə Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) və şəxsən Prezident Kasım-Jomart Tokayevə müraciət ünvanlayıblar.
Əfqan Qazax Mədəniyyət Mərkəzinin sədri Hacı Əsəd Oymağıtın yazdığı həmin məktubda deyilir ki, Əfqanıstanda yaşamaq olduqca çətindir:
“Siyasi qeyri-sabitlik və ağır sosial şərait səbəbindən qazaxların burada həyatı olduqca çətindir. Qanuna görə, şəxsiyyət vəsiqələrimizdə “əfqan” yazılsa da, əslində biz qədim qıpçaq dilində danışırıq – biz qazaxıq”.
Əfqan qazaxlarının farslar və puştunlar arasında yaşamalarına və onların məişət və dillərinin bir hissəsini mənimsəmələrinə baxmayaraq hələ də milli kimliklərini qoruyub saxladıqlarını bildirən Hacı Əsəd Oymağıt hazırda Əfqanıstanda yaşayan qazaxlara real təhlükənin olduğunu vurğulayıb və tarixi vətənlərinə köçmələrinə şərait yaradılması üçün Tokayevdən kömək istəyib.
Qazaxıstan rəhbərliyinin sözügedən müraciətə reaksiyası barədə hələlik heç bir rəsmi məlumat yoxdur.
P.S. Ancaq bəlli olan bir həqiqət var ki, Talibanın idarə etdiyi ölkədə doğulmaq və yaşamaq doğrudan da taleyin şanssızlığıdır. Bəziləri isə hətta bunu Tanrının cəzası kimi də dəyərləndirirlər. Ya da ki, Tanrı ümumiyyətlə bu ölkəni bilmərrə unudub.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
