Talassemiyalı Xəstələr Üçün Qanvermə Aksiyası Keçirilib

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyası (MCP) Ramazan ayının gəlişi münasibətilə “Talassemiyasız Həyat Naminə” şüarı altında xeyriyyə aksiyası təşkil edib. Milli Cəbhə Partiyasının qərargahında talassemiya xəstəliyindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə könüllü qanvermə aksiyası baş tutub.

Aksiyada partiya rəhbərliyi, üzvləri, ictimai xadimlər və media nümayəndələri yaxından iştirak ediblər. Tədbirin əsas məqsədi cəmiyyətdə yardımlaşma mədəniyyətini təşviq etmək və daimi qan köçürülməsinə ehtiyacı olan şəxslərə dəstək olmaqdır.

MCP başqanı, deputat Razi Nurullayev aksiyada iştirak edərək donorluğun humanist əhəmiyyətini vurğulayıb: Bu aksiya talassemiyadan əziyyət çəkən vətəndaşlarımızın sağlamlığı üçün atılan mühüm bir addımdır. Hər bir donor bir həyatı xilas edir və cəmiyyətimizdə həmrəylik ruhunu gücləndirir. Bu nəcib missiyada hər kəsi fəal olmağa çağırıram. Deputat, həmçinin aksiyanın yüksək səviyyədə təşkilinə görə Səhiyyə Nazirliyinə, Mərkəzi Qan Bankına və fədakar tibb heyətinə minnətdarlığını bildirib.

MCP Salyan təşkilatının sədri Ruslan Məmmədov bu cür layihələrin siyasi fəaliyyətlə yanaşı, həm də bir vətəndaşlıq borcu olduğunu qeyd edib. Partiya başqanının müavini, ilahiyyatçı Tural İrfan isə xüsusilə Ramazan ayında edilən bu cür yardımların mənəvi dəyərinin böyük olduğunu və qan ehtiyatının davamlılığının həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə ictimai-siyasi xadim Əlisahib Hüseynov, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, media nümayəndələri, ‘Atributinfo.az’ saytının rəhbəri Bəradər Xanəliyev, ‘Cəbhə.info’ portalının əməkdaşı Nigar Abdullayeva, ELAZ.İNFO xəbər sayıtının əməkdaşı Ruslan Məmmədov da iştirak edərək dəstəklərini nümayiş etdiriblər.

İlahə BAYANDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights