Tacik tələbə… Bizim dilimiz… Və Putinin planları…

ADA Universitetinin əməkdaşı Nəzrin Bağırova yazır ki, onun tacik kökənli tələbəsi Azərbaycan dilini Türk dillərinin ən mükəmməli hesab edir.

Sitat:

“Mənim tacikistanlı bir tələbəm var, deyir ki, onun üçün bütün eşitdiyi Türk dillərindən ən incə, zərif, mülayim səslənəni Azərbaycan dilidir. O, dilimizdə təmiz danışmağı öyrənmək istəyir. Dilimizi təmiz bilək”.

Bizim ana dilimizə – Azərbaycan türkcəsinə bu cür sayğı ilə, sevgi ilə yanaşan əcnəbilər çoxdur. Təsadüfi deyil ki, 19-20-ci yüzilliklərin qovşağında Azərbaycan dilinin ünsiyyət vasitəsi kimi istifadə edildiyi coğrafiya o qədər geniş idi ki (Türküstan və Qafqazlardan Hindistan və Əfqanıstana, Suriya, İran və İraqa qədər), hətta bir sıra avropalılar bizim dilimizi bu coğrafiyanın fransızcası kimi dəyərləndirirdilər.

Ancaq mənfur qırmızı sovet imperiyası dönəmində isə dilimizin nüfuz, təsir dairəsi maksimum dərəcədə məhdudlaşdırıldı, kiçildildi. Bunu bilərəkdən, qəsdən etdilər.

Elə indi də Kreml eyni planlarından əl çəkmək istəmir. Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda “Azərbaycan demək olar ki, rusdilli ölkədir” bəyanatını səsləndirməsi də Kremlin məkrli niyyətlərindən xəbər verir.

Onlar Azərbaycandan rusdilli ölkə düzəltmək istəyirlər.

Hədəfdə təkcə Azərbaycan deyil. Kremldə Azərbaycanla yanaşı, Türküstan (Mərkəzi Asiya) ölkələrini də rusdilli ölkə müstəvisinə keçirmək və beləliklə, bütün Türk dünyasında rus dilini əsas ünsiyyət vasitəsinə, ortaq dilə çevirmək planları cızılır. Bu da Kremlin mənhus “Avrasiyaçılıq” doktrinasının bir tərkib hissəsidir.

Bütün bu planlar isə daha qlobal hədəfə – Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinin qarşısının alınmasına, Ortaq Türk dilinin yaradımasına, böyük Türk Birliyinin (Turan) ərsəyə gətiririlməsinə mane olmağa hesablanıb.

Başqa sözlə desək, Kreml Türk dünyasını rus dili vasitəsilə parçalamağı hədəfləyir. Bunun üçün də “yumşaq güc” aləti hesab etdikləri rus dilinin postsovet ölkələrində təbliği işi genişləndirilir. Bu mənada Putinin “Azərbaycan demək olar ki, rusdilli ölkədir” ifadəsini səsləndirməsinə əsla təsadüfi hal kimi baxmamalıyıq.

Kreml Türk dünyasını Rusiya dövlətçiliyi üçün həmişə potensial təhlükə mənbəyi kimi görüb. Ona görə də hələ birinci Pyotrun dövründən antitürk həmlələrə start verilib. Özünü Pyotrun və Stalinin mənəvi varisi, davamçısı hesab edən Putin isə biraz da irəli gedərək, yeni yüzildə yeni Türk birliyinin yaranmasını ya tamamilə əngəlləmək, yadaki bunu “Rusiya layihəsi”nə çevirməyi hədəfləyir…

(Mövzuya qayıdarıq)

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights