“Tərs” dünyanın düz adamları, bayramınız mübarək!

Oftalmoloqlar yaxşı bilər. Deyir bir adam hər şeyi baş-ayaq göstərən eynək taxıb bir neçə gün çıxarmasa, sonra o eynəksiz də bütün aləmi tərsinə görər. Təsəvvür edirsiz? Evlər, küçələr, insanlar, dağlar, ağaclar hamısı baş-ayaq. İndi bilmirəm, kim nə vaxt gözlərimi dünyaya həmin eynəklə baxmağa məcbur edib. Ha çalışıram, ha cəhd edirəm, yenə hər şeyin altını üstdə, üstünü altda görürəm.

İyirmi iki iyul jurnalistlərin peşə bayramıdır. Təməl daşını maarif fədaimiz Həsən bəy Məlikov qoyduğu milli mətbuatımızın yaşam vəsiqəsi aldığı gün. Zehniyyatını qələmlə ağ kağıza köçürüb xalqının mənəvi dünyasına işıq tutan aydınlarımızın günü.

Düzü təbrikləri görüncə, eşidincə, təbrik qəbul edənlərin böyük əksərriyyətinin fəaliyyətinə nəzər salıb, təəssüf hissi keçirməmək olmur. Bənna əlindəki kəmçənəni atıb olub müxbir, nə bilim çoban çomağını tullayıb olub jurnalist. Nə qibildə, nə əqidədə desən səf-səf sıralarında rəngarənglik var. Latın qrafikalı əlifbamızda yazıb oxuya bilməyən, orta məktəb atestatını almayan, cavan, yaşlı, qadın, kişi nə bilim cinsi azlıq nümayədəsi düşüb qapı-qapı ki bəs mən jurnslistəm. Nənəm demiş Hətəm də qəlyan çəkir, Hütəm də. Vallahi elə bir məqama çatmışıq ki, istedadlı yazar, sanballı qələm sahibləri belələrinin üz qarası həyasızlığından mən jurnalistəm deməyə utanır. Mən hələ az qala hər ali məktəbdə dırnaqarası jurnalist fakultələrini demirəm. 150 bal toplamısan gəl ödənişini elə, dörd il fırlan sənə “daşdan keçən” jurnslist diplomu verək prinsipinin ortaya qoyduqları çoxsaylı “mətbuatçıları” da o sıralarda görüb, sadəcə özün- özünə sual verirsən. Bu qədərmi hər şey ucuzlaşdı, buncamı qələm urvatdan düşdü?

Vəziyyət o qədər baş-ayaq olub ki, saxta əsili küncə sıxışdırıb, meydan sulayır. Abırına düşünəni korafəhm edib at oynadan abırsız elə belə olmalıdırı cəmiyyətə elə sırıyır ki, öz ağlına şübhə ilə yanaşırsan. Bəlkə doğurdan elə belə olmalıdır müddəasını saf-çürk etmək zorunda qalırsan. Aidyyatı olan olmayanı təbrik edir. Lap adamın tarixdən yadına 1945-ci ilin apreli düşür. Qısas hissinin içində alışıb-yanan sovet əsgəri Berlin küçələrində nə bilsin faşist kimdi, sadə alman kim. Hələ bu azmış kimi istedadı olub, o istedadı şəxsi mənafeyə qurban verən şarlatanlar da var. Özləri də özlərinə elə ünlü, dürlü təriflər yağdırırlar, lap məətəl qalırsan.

Bu vədə yadıma bir retro film düşdü. 10-12 yaşlı oğlan uşaqları küçədə futbol oynayanda özlərinə ad qoyurdular. “Mən Bloxinəm, mən Yaşinəm, mən ….

Bu yağışdan sonra göbələk kimi çıxan “jurnalistlər” də özlərinə elə gurultulu yarlıq yapışdırlar ki, həmin “ödüllərin” gurultusuna çaşıb qalırsan.

İndi vallah bu mətbuat günündə təbrikini necə deyəsəni düşünüb tapa bilmirsən.

Hər halda o “tərsinə” göstərən eynəyin üstündən bir dənə də tərsin əksin tapıb, bütün istedadı, bilik və bacarığı ilə xalqa xidmət edən istedadlı qələm sahiblərini, əsil jurnalistləri, həqiqəti yazan peşəkarları peşə bayramı münasibəti ilə təbrik edirəm!

Dəyərli mətbuat adamları!

Qələminizin ucunun qara diyircəyindən daim işıq suzulsun!

“Tərs” dünyanın düz adamları bayramınız mübarək!

Pərviz YƏHYALI

Bizimlə oxuyun
Verified by MonsterInsights