ELAZ.İNFO xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai dünən bəyan edib ki, parlamentin iclasında BMT sanksiyalarının bərpası mexanizminin potensial aktivləşdirilməsinin nəticələri müzakirə olunub.
Rezai bildirib ki, “Komissiya üzvlərinin əksəriyyəti tətik mexanizmi işə salınarsa, hökumətin NPT-dən çıxmasını tələb edən qanun layihəsinin hazırlanaraq parlamentə təqdim edilməsini təklif edib. Bu qanun layihəsi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında müzakirə olunub. Layihə hazırlanır və öyrəniləcək”.
Məlum olduğu kimi, 2015-ci il iyulun 14-də İran, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş imzalanıb.
ABŞ 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.
İran Avropa ölkələrindən ABŞ-ın sanksiyalarını kompensasiya etmək üçün tədbirlər görmələrini xahiş etmişdi, lakin onların ABŞ-ın hərəkətinə qarşı çıxmalarına baxmayaraq, avropalılar tədbir görmədilər.
Bunun ardınca İran bir il sonra müqavilə çərçivəsində götürdüyü öhdəlikləri mərhələli şəkildə ləğv etməyə başladı və diqqətini yüksək səviyyəli uranın zənginləşdirilməsi fəaliyyətlərinə yönəltdi.
Bu arada İran, Böyük Britaniya, Fransa və Almaniya bu məsələ ilə bağlı iyulun 25-də İstanbulda görüşüblər. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.
İran rəsmiləri BMT sanksiyalarının bərpa olunacağı təqdirdə 1970-ci ildən üzv olduqları NPT-yə yenidən baxacaqlarını açıqlayıblar.
İlahə BAYINDIR