Təhsilimizin “tərsinə qurulma” səbəbləri

ELAZ.İNFO

Təhsil ideoloqları, təhsil elmləri və təhsil siyasəti olmasa islahat mümkündürmü?

Təhsil islahatları niyə gözlənilən nəticəni vermir?

Son onilliklərdə Azərbaycanda təhsil sahəsində çoxsaylı islahat proqramları, kurikulumlar, struktur dəyişiklikləri həyata keçirildi. Təəssüf ki, islahatlar dərinləşdikcə, təhsilin büdcəsi artdıqca, keyfiyyət daha da zəifləyir.
Sual yaranır: təhsil ideoloqları, təhsil elmləri və təhsil siyasətinin bu islahatlarda rolu varmı?
Bunlar olmasa təhsil islahatları mümkündürmü?
Bəlkə təhsilimizin tərsinə qurulma səbəbi elə budur?

Təhsil siyasəti nədir və necə olmamalıdır?

Təhsil siyasəti normativ sənədlər toplusu, inzibati qərarlar silsiləsi, texniki optimallaşdırma prosesi deyil.
Bu bir dünya­görüşüdür. Bu siyasət aşağıdakı suallara cavab verməlidir:
Cəmiyyətə hansı keyfiyyətli insanlar lazımdır?
Bu insanlar hansı dəyərlərlə yaşayacaq?
Təhsil iqtisadiyyata, demokratiyaya, mədəniyyətə necə xidmət edəcək?
Əgər bu suallar cavabsızdırsa, siyasət mexaniki idarəetməyə, islahat isə mənasız eksperimentə çevrilir.

Təhsil ideoloqu kimdir, onun rolu nədir?

Təhsil ideoloqu təkcə alim deyil, menecer deyil, məmur da deyil. O, təhsil fəlsəfəsini formalaşdıran, uzunmüddətli düşünən, dəyərlər və mexanizmlər arasında körpü quran şəxsdir, intellektdir (“beyin mərkəzi”dir).
İdeologiyasız təhsil siyasəti kompassız gəmiyə bənzəyir.
Bizdə mexanizmlər ideologiyanı əvəz edir, rəqəmlər (faizlər, KPI v.s.) düşüncəni əvəz edir. Nəticə ölçülür, amma məqsəd sorğulanmır.

Təhsil elmi olmadan təhsil islahatı mümkünmü?

Təhsil elmi pedaqogika, təhsil texnologiyaları, təhsil sosiologiyası, təhsil psixologiyası, təhsil iqtisadiyyatı, ölçmə və qiymətləndirmə elmi v.s. kimi elmi sahələrin sintezidir.
Bu elmlər olmadan təhsil islahatı səbəbi yox, nəticəni hədəfləyir, problemi yox, göstəricini “yaxşılaşdırır”, sistemi yox, insanı günahlandırır (müəllimlər savadsızdır, alimlər saxtadır, pul azdır v.s.).
Nəticədə müəllim və şagird “zəif”, valideynlər “savadsız” (oxuduğu mətni anlamayan) elan olunur, amma sistem özü toxunulmaz qalır.

“Tərsinə qurulmuş” təhsil nə deməkdir?

Normalda islahat prosesi bu ardıcıllıqla getməlidir: “ideya → elm → strategiya → mexanizm → nəticə”.
Bizdə isə çox vaxt islahat prosesi: “mexanizm → göstərici → hesabat → əsaslandırma” ardlcıllığı kimi gedir. Yəni, əsas mərhələlər, zəruri hazırlıq və metodologiya olmadan islahat başlayır.
Belə “tərsinə qurma”nın nəticəsində test mərkəzli təhsil, cavab yönlü öyrənmə, “sual verən müəllim və şagird”in bəyənilməməsi, formal uğur, bilikdə real boşluqlar yaranır.

“Suallardan qaçan təhsil sistemi” inkişaf edə bilərmi?

Təhsil naziri 5 il əvvəl demişdi:
“Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar.”
Bu, prinsip etibarilə doğru və müasir yanaşmadır. Lakin problem budur ki, son 5 ildə ETN-ə çox suallar verilsə də, cavablar olmadı. Suallarla dolu məqalələr yazıldı, problemlər sistemli şəkildə qaldırıldı, amma suallar daim cavabsız qaldı.
Suallara cavab verməyən təhsil sistemi qeyri şəffafdır, hesabatlı, öyrənən və inkişaf edən sistem deyil.
Belə sistemdə islahatlar dialoq yox, monoloq formasında olur. Çox vaxt da belə monoloqlar səhv, elmdən uzaq və ziddiyyətli olur.

Sual əsaslı təhsil və cavabsız idarəetmə sistemi.

Maraqlıdır ki, biz şagirddən sual verməyi tələb edirik, müəllimdən reaksiya istəyirik,
amma menecerlər cəmiyyətin suallarına cavab vermək istəmir. Şagird və müəllimdən tənqidi təfəkkür tələb edirik, amma özümüz tənqiddən qorxuruq, qaçırıq, reaksiya vermirik, problemləri açıq müzakirə etmirik. Bu halda təhsil azad düşüncə yox, uyğunlaşma vərdişi formalaşdırır. Sual vermək hüququ cavab almaq ehtimalı ilə dəyər qazanar.

Təhsil ideoloqları və güclü təhsil elmi olmadan qurulan təhsil siyasəti, istər-istəməz sonda əks nəticə verir, tərsinə qurulmuş təhsil sistemi yaradır. Çünki, məqsəd yoxdursa, ölçü səhv olur, elm yoxdursa, qərar təsadüfi olur, dialoq yoxdursa, islahat imitasiyası olur.
Təhsil mexanizmlə yox, məna ilə başlayır, məna isə elm və ideologiya olmadan, onun daşıyıcısı olan ideoloqlar, insan kapitalı olmadan yaranmır.
Bu həqiqətlər elə rəqəmsal iqtisadiyyatın əsası olan rəqəmsal təhsilə, rəqəmsal insan kapitalına da aiddir.

İlham ƏHMƏDOV

Dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights