ETN menecerlərindən başqa ölkədə hamı -vətəndaşlar da, müxtəlif dövlət qurumları da təhsildəki ağır durumdan narahatlıq hissləri keçirdir və bu problemlərin həllinə dəstək vermək istəyir. Bu təbiidir. Çünki, təhsilin millətin gələcəyi olması həqiqətini hamı aydın dərk edir, təkcə buna məsul məmurlardan başqa. Mütəxəssislər, ekspertlər davamlı olaraq KİV-lərdə və sosial şəbəkələrdə təhsil islahatlarına dair ideyalar verir, təkliflər irəli sürür, məqalələr yazır, təhsil problemlərinə dair davamlı müzakirələr keçirilməsini, təhsilin elmi bazaya əsaslanması zərurətini qeyd edirlər. ETN isə “ətəyindəki daşı tökmək istəmir”, sanki, cəmiyyətə mesaj verirlər ki, təhsilin sonunu gətirməsək, dayanmarıq.
ETN 25 ildir dünyada ən populyar təhsil texnologiyası olan olan distant təhsilin ölkəmizdə yaradılması və normal inkişafına maneələr yaradır. Amma İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə keçən il 10 min, bu il də 200 min vətəndaşımız ABŞ-ın COURSERA şirkəti vasitəsi ilə müxtəlif onlayn təlimlərə və peşə kurslarına cəlb edilir.
ETN təhsilin rəqəmsal transformasiyası (TRT) kimi ciddi məsələlərə də diqqət etmir. Həm də ona görə ki, distant təhsili olmayan ölkənin təhsilini rəqəmsal transformasiya etmək çox çətindir.
Amma 4SİM TRT məsələləri ilə də məşğul olmağa başlayıb. Süni intellektin təhsil sistemində inkişafı üçün təşəbbüslər edir. KİV-lər qeyd edir ki, 4SİM “Azərbaycanda, təhsil sistemində süni intellekt texnologiyasının tətbiqinin genişləndirilməsi planlaşdırılır”.
İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin 4SİM icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib:
-“Biz tələbələr üçün fərdi tədris proqramları yaratmaq məqsədilə təhsil sistemində süni intellektin tətbiqi imkanlarını nəzərdən keçirdirik. Süni intellekt real vaxtda tələbələrin materialı nə dərəcədə başa düşdüklərini təhlil etməyə imkan yaradacaq. Bu isə bizə daha effektiv təhsil proqramları hazırlamağa kömək edəcək”.
Onun sözlərinə görə, Azərbaycan hökuməti qabaqcıl texnologiyalardan cəmiyyətin xeyrinə istifadə etməyə çalışır. F. Cəfərov deyir:
-“Müasir texnologiyaları bıçaqla müqayisə etmək olar; süni intellekt həkimin əlində həyat xilas edə, cinayətkarın əlində isə silaha çevrilə bilər.
Biz cəmiyyətimizdə və hökumətimizdə texnologiyalardan vətəndaşların həyatını yaxşılaşdırmaq, sahibkarları dəstəkləmək və dövlət qurumlarının işini sürətləndirmək üçün istifadə edirik”, – deyə o bildirib.
Amma bütün bu cəhdlərə baxmayaraq təhsildəki durum hələ də ağır olaraq qalır. Çünki, “quyuya su tökməklə quyu dolmaz, gərək quyunun özündə su olsun”.
P.S. Biz isə quyunu deyəsən səhrada qazmışıq, belə quyuda su ola bilməz.
İlham ƏHMƏDOV