Vestminster sarayı hər an Notr-Dam ilə eyni aqibəti yaşaya bilər. Saray təcili restavrasiya olunmalıdır, lakin təmirin dəyəri astronomikdir – azı £13 milyard. Bu Britaniyanın illik hərbi büdcəsinin dörddə biri deməkdir.
Pul isə heç nəyə çatmır, hökumət büdcə dəliklərini “yamamaqdan” yorulub. Hərçənd parlament binasının sonsuz təmirinə hər il təxminən £100 milyona yaxım vəsait sərf olunur.
Yeri gəlmişkən, baş nazirin Dauninq-stritdəki XVIII əsrə aid iqamətgahı da oxşar problemlərlə üzləşir. Orada da isti su, istilik, elektrik və rabitə ilə bağlı problemlər var. Həm də baş nazirin aparatı üçün kifayət qədər yer yoxdur.
İndi də Tramp böhtana görə dövlət TV-si olan BBC-dən $5 milyard tələb edir. BBC-nin baş direktoru bu qalmaqala görə artıq işdən qovulub, lakin pulunu ödəməsə, hökumət canını Trampdan qurtara bilməyəcək. Təcili pul tapmaq lazımdır. BBC-də son vaxtlar hökumətin başına bəla olub: aparıcıları ilə bağlı pedofil qalmaqalları bitməmiş TV-nin illik büdcəsi qədər təzminat verməlidirlər.
Vəziyyətdən çıxmaq üçün, yəqin ki, BBC-nin heyəti ixtisar ediləcək. Məsələn, Yaxın Şərq redaksiyaları bir daha ixtisar edilə bilər. Britaniyanın “yumşaq gücü” isə alətlərinin birindən məhrum olmağa davam edəcək. Büdcənin böhranı və iqtisadi ümidsizlik fonunda əvvəlki səviyyədə “yumşaq gücü” saxlamaq üçün, sadəcə, pul qalmayıb.
Britaniya imperiyası çox qocalıb.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
