23 sentyabrda Tramp 8 müsəlman ölkəsi liderlərinə Qəzzada nizamlama üzrə yeni sülh planı təqdim etdi. Məncə, bu plan Netanyahu tərəfindən hazırlanıb. Planın mahiyyəti barədə, imkan olsa, ayrıca yazaram. İndi isə 20 bənddən ibarət olan planın bir bəndinə diqqətinizi çəkmək istəyirəm.
Orada deyilir ki, İsrail bu planı qəbul etdikdən sonra HƏMAS 72 saat ərzində bütün ölü və diri girovları qaytarmalıdır. Əvəzində ömürlük cəza almış 250 nəfəri və 7 oktyabr 2023-cü il tarixindən saxlanılmış 1700 fələstinlini azad etməlidir.
İndi görün təbliğat necə işləyir.
HƏMAS-ın saxladığı yəhudilər girov, İsrailin qanunsuz həbs etdiyi fələstinlilər isə saxlanılanlar adlandırılır. Mahiyyəcə isə ikisi də eyni statusdadır.
Hazırda HƏMAS-da olan girovların sayı 50-60 nəfərdir. İsraildə olan girovların sayı isə minlərlədir. İsrail plana görə onlardan 1700 nəfərini azad etməlidir. Yəni İsrail HƏMAS-dan azı 30 dəfə çox girov saxlayır. Amma yəhudi girovlar haqqında bütün dünya mətbuatı hər gün yazır, fələstinli girovlar haqqında isə bir kəlmə də yazılmır.
Malkolm İks deyirdi ki, diqqətli olmasanız, media sizi məzlumlara nifrət etməyə və zalımları sevməyə məcbur edər.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi