Site icon

Survivor-da qazanlar qaynayır- zəiflər “yanır”

Qardaş Türkiyənin TV 8 kanalında hər il mütəmadi surətdə yayımlanan Survivor proqramı ölkəmizdə də yaxından izlənilir və sevilir. Demək olar ki, bu proqramın ölkəmizdəki fanatları yetəri qədərincədir.

Yarış proqramında iştirakçıların hərəkət və manevrləri, yarış taktikaları daima diqqət mərkəzindədir. Survivor fanatları yarışçıların bütün hal və hərəkətlərini böyük diqqət və maraqla izləyirlər. Son bölümlərin ən fəal xəbəri isə özünün kəskin xarakteriylə seçilən Serenayın proqramdan çıxarılması oldu. Bu mövzu həm Türkiyədə, həm də Azərbaycanda Survivor izləyicilərinin ən aktual mövzusuna çevrildi. Kimisi sevindi, kimisi isə kədərləndi…

ELAZ.İNFO bununla əlaqədar bir neçə Survivor sevənlərin fikirlərini öz oxucularına çatdırır.

Öz qazdığı quyuya özü düşdü

Tərxan Məmmədova: -“Survivor deyəndə məncə ilk ağıla gələn Nagihan Karadərə olur. O, bu yarışda böyük əmək və zəhmət verənlərdəndir. Nagihanı yarışdan diskalfiyə etdirmək üçün Serenay çox pis əməl və davranışlara əl atdı, amma olmadı. Özündən yaşca böyük olan bir qadına həqarətlər yağdırdı, təhqir etdi, ağlatdı. Ən pis tərəfi isə o idi ki, bu qız etdiyi əməllərdən utanmırdı, çəkinmirdi, əksinə, necə deyərlər “xaosdan qidalanırdı sanki”.

Xalq arasında bir məsəl var: -Öz qazdığı quyuya özü düşdü”. Bu qədim xalq məsəlimiz Serenayın davranışında özünü tapdı. O, Survivordan qovuldu. Serenay bunu Nagihan üçün istəyirdi, amma özünə qismət oldu.

Serenay Nagihanı qıcıqlandırmaq, onu oyun ruhundan salmaq üçün həmişə hədələyirdi ki, Səni mən göndərəcəm. Noldu?”

Bu ədalətli yanaşma deyil

Ləman Hüseynzadə: – “-Serenay Nagihanın üzündən diskvalifikasiya edildi- deyənləri dəstəkləyirəm. Mən də deyirəm ki, əgər Nagihan Lina ilə dalaşmasaydı Acun Linanı qırmızı komandaya göndərməsəydi, Serenay diskvalifikasiya olunmayacaqdı. Linanın qırmızıya gəlməsi ilə komandada durğunluq başladı. Çənə və davranışı ilə yarışan Lina survivor deyil.

Özlərinin zəif oyunları ilə seçilən Lina və Beyza hələ də yarışda qalmağa davam edirlər. Onlardan daha yüksək potensialı olan Serenay isə oyundan çıxarılır. Bu ədalətli yanaşma deyil. Survivor güclülər yarışıdır. Axı orada Lina və Bəyzanın nə işi var?”

“Yaxşı olar ki, bu oyunlarda türk xalqına məxsus ədəb-ərkan qaydaları qorunsun”

 Esmira Rəhimova: -“Bu ilki iştirakçıların bəziləri özlərini yaxşı aparmırlar, böyük-kiçik bilmirlər, çox danışıb, hay-küy qaldıranların real potensialları yoxdur. Bu xüsusiyyət daima özünü diqqət mərkəzində saxlamağa çalışan Linada, Bəyzada, Bayhanda, Serenayda var. Xüsusilə, Serenayın ədəbsiz davranışları məni çox hiddətləndirirdi. Şübhəsiz ki, orada bu Survivora illərini, sağlamlığını verən Nagihan var, Nəfisə var. Bu oyunçulara qarşı kobud davranışı, ədəbsiz ritorikaları qınayıram.

Orada Ramazana, Osman Cana, Nobreyə, Dənizə böyük rəğbətim var. Onlar sözün həqiqi mənasında canla-başla yarışırlar. Atdığı replikalarla yarışçıları qıcıqlandıran Sərcanı da unutmaq olmaz. Yaxşı olar ki, bu oyunlarda türk xalqına məxsus ədəb-ərkan qaydaları qorunsun”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Exit mobile version