Şura uşaqları…

87 yaşlı avantürist qocanın (adətən, qocalar avantürist olmurlar) başqa ölkələrin liderlərinə deyil də, məhz Rusiya rəhbərliyinə ünvanladığı məktub lap sovet dövründə bəzi vətəndaşların Moskvaya şikayət məktubu göndərmələrinə oxşayır.

Görünür bu qoca qiyamçı da bu yaşında başqa ünvan tapa bilməyib, naəlac qalıb, götürüb birbaşa Putinə və onun əsas güc məmurlarına (Patruşevə, Narışkinə, Bortnikova) uzun bir məktub yazıb. Hərçənd ki, eyni məzmunlu məktubu eyni canfəşanlıqla İran və ya Şimali Koreya rəhbərliyinə də yaza bilərdi. Çünki bu məktubun ruhu, məzmunu qeyri-demokratik olan bütün ölkələrə uyğundur.

Məktubun məzmununa seçki, demokratiya kimi nəsnələrin əlavə edilməsi hələ o demək deyil ki, 87 yaşlı qeyri-demokrat bu məktubu demokratik ölkələrin (məsələn ABŞ, Norveç, Almaniya, Finlandiya, Böyük Britaniya kimi ölkələrin) liderlərinə də göndərə bilərdi.

Xeyr, əsla göndərə bilməzdi. Çünki “Dövlət Şurası” tipik sovet-kommunist partnomenklaturasının təfəkkürünə uyğun qondarma siyasi qurum demokratik dünyanın düşüncə tərzinə tamamilə ziddir. Onlar bu məktubun müəllifini söyər, məktubun özünü isə cırıb zibil qabına tullayardılar.

Putin və ya onun zehniyyətində olan Xamenei, Kim Çen In kimi liderlər üçün isə bu cür məktublar, müraciətlər az qala sakral xarakter daşıyır. Onlar bu cür müraciətlərdən emosional həzz alır və özlərini nəinki ayrı-ayrı ölkələrin, hətta bütövlükdə dünyanın taleyi ilə bağlı qərarlar qəbul edə biləcək xüsusi missiyalı şəxs qismində görməyə başlayırlar. Vaxtilə Lenin və Stalin də özlərini eynilə belə görür, SEÇİLMİŞ İNSANLAR kateqoriyasına aid edirdilər.

87 yaşlı qoca Rusiya rəhbərliyinə sözügedən məktubu həqiqətən də özü yazıbmı, yoxsa o məktubu onun adından yayıblar, bu haqda hələlik konkret heçnə demək mümkün deyil. Lakin məktubu kimin yazmasından asılı olmayaraq, orada təklif edilən “Dövlət Şurası” Azərbaycanı həqiqi demokratiyaya götürmək əvəzinə, hazırda Rusiyanın əlaltısı olan Belarusun gününə sala bilərdi. Yəni ki, suverenliyini itirmiş, tam olaraq Kremlin diktəsi ilə idarə olunan bir ölkə halına düşə bilərdik.

Zatən sözügedən məktubun ana hədəfi də Azərbaycana demokratya gətirmək yox, ölkəmizi Kremlin ağuşuna atmaqdır. Vaxtilə Surət Hüseynovun da amacı buydu. Ümumiyyətlə, Kremlin “çörəy”i ilə bəslənmiş bütün “satellit”lər, “kukla”lar, “marionet”lər Azərbaycanı həmişə Kremlin iradəsinə təslim etməyə çalışıblar. Elə 20-ci əsrin 20-ci illərində də eynilə bu vaqeə baş vermişdi. Onda da əliheyhər qarayevlər, qəzənfər musabəyovlar, məşədi əzizbəyovlar, həmid və ayna sultanovlar milli hökumətimizi – Cümhuriyyətimizi zorla devirib, Azərbaycanda qırmızı diktatura – Şura hökuməti yaratmışdılar.

Ümumiyyətlə, bu “Şura” kəlməsi bütün sovet-bolşevik törəmələrinə həddindən artıq doğma olan bir ifadədir. Onlar hər yerdə Şura quruluşu, hər şeydə Şura ruhu axtarırlar. Bir sözlə, gorbagor Lenin qısır, xədim olsa da, lakin özündən sonra çoxlu Şura uşaqları qoyub gedib.

Və budur, 87 yaşlı qocanın – Ramiz Mehdiyevin də məktubunun mərkəzində məhz “Dövlət Şurası”nın yaradılması ideyası dayanır.

Yenə də lənətə gəlmiş “Şura”…

P.S.Məktubun məhz Kremldə oturan Rusiya rəhbərliyinə ünvanlanması heç də təsadüfi deyil. Çünki Kreml bütün “Şura uşaqları”nın qibləgahıdır…

(mövzuya qayıdarıq)

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights