Bu dünyada insanın qəlb gözünü təmizləməsi çox çətin bir mərhələdir. Əgər qəlb, Allah qorxusu və Allah sevgisinə bürünərsə, bu zaman insan hər şeyi müsbət görməyə və hər şeyi olduğu kimi qəbul etməyə çalışacaqdır. Elə bu da qəlb gözünün təmizlənməsi üçün əsas amildir.
Əlbəttə, bu dünyada hamımız sevindirici və qəmləndirici hadisələrlə daima imtahandayıq. Həyatımızda Qabid və Bəsit deyilən iki hal daim zühur etməkdədir. Qabid, insanı bəzi hadisələrlə sıxar, Bəsit isə genişləndirər, fərəhləndirər. Allahla birlikdə olmaq qəlbi genişləndirər, hadisələrin şəklinə ilişib qalmaq isə insanı sıxar. Yəni, baş verən hadisələrin içində sıxılaraq əzab çəkmək və ya baş verən hadisəyə görə kimi isə qınamaq, ondan inciyib, küsmək insanın Bəsit halıdır. Bu səbəbdən “Hər bədən bir dəfə cəhənnəmə uğrayacaq” sözünün bir həqiqəti də elə budur. Hər bədən yaşadığı müddətdə müxtəlif zamanlarda cəhənnəmi dadar. Cəhənnəm sözü İnsanın Allahdan uzaq olması mənasındadır. İnsan Allahdan uzaq olduğu dövrələrdə acı və çətinliyi mütləq hiss edər. Allahdan uzaq olduğu zaman baş verən hadisələr insanı Qəbid kimi sıxar və insan Allaha və yaradılmışlara üsyan edər.
Bəlkə də bu dünyada ən çətin şey ağrı, kədər və həddindən artıq sıxıntı içində olduqda şükr etməkdir. Şükür etmək, təvazökarlıq insanın ən böyük xilaskarıdır, ancaq əyilmək, sınmaq deyildir. Təvazökarlıq sənə pislik edən kimsəyə kin bəsləməmək, kimsədən hədsiz dərəcədə inciməməkdir. Edənin və etdirənin sadəcə Allah olduğunu, aradakının onun sadəcə vasitəçisi olduğunu düşünmək deməkdir. Sənə qarşı olan haqsızlıq, yalan , böhtan, qısqanclıq və sair bu kimi rəzalətlər sənin üçün bir sınaq vasitəsidir. Bunlara qarşı təvazö və səbr sənin bu həyatdakı tək qazandığın şeydir. Hz. Əli buyurur: “Etdiyiniz yaxşılıqları və sizə edilən pislikləri unudun ki, rahat yaşayasınız”.
Bu məqama çatmaq üçün əsas yol Allaha qarşı olan eşqdən ibarətdir, çünki digər yollar insanı Meraca qaldırmaz. Hz. Əlidən bu haqda belə buyurur: “Allahımı arzularımın alınmaması ilə tanıdım”. Yəni insan elm və Allaha ibadətlə yaşayırsa, həmin eşqə çata bilər.
Ardı var….
Mənzər AĞAYEVA
İlahiyyatçı