“Sübut et ki, mən haqlı deyiləm”

31 yaşlı amerikalının qətlinin dünya birliyi üçün və biz azərbaycanlılar üçün nə kimi informativ və siyasi əhəmiyyəti var?

Söhbət sentyabrın 10-da Yuta Universitetinin kampusunda, “Sübut et ki, mən haqlı deyiləm” bannerinin önündə, birbaşa tələbələrin qarşısında çıxışı zamanı odlu silahla qətlə yetirilən 31 yaşlı amerikalı sağçı aktivist, yazıçı, sosial media-fenomen, podkaster, bloger Çarli Kirkdən gedir.

O, qatı trampist idi, Donald Trampın ən yaxın müttəfiqlərindən biri kimi tanınırdı və ötən il ABŞ-da prezident seçkiləri kampaniyası zamanı Trampın qalib gəlməsi üçün Elon Maskla birlikdə həddindən artıq fəallıq göstərmişdi. Yüzminlərlə gənc məhz Çarlinin apardığı təbliğatın nəticəsində Trampa səs vermişdi.

Çarli Kirkin qətlində şübhəli bilinən şəxs – 22 yaşlı Tayler Robinsonun heç bir siyasi mənsubiyyətinin olmadığı, heç bir siyasi partiyanın sıralarına qatılmadığı bildirilsə də, ancaq onun qətl zamanı istifadə etdiyi patron gilizlərindən birində “Lovi, faşist”, digərində isə LGBT müdafiəsi şüarının həkk olunması bu hücumun siyasi motivli olması barədə mülahizələri istər-istəməz gücləndirib. Məhz bu ilkin dəlil-sübutlar qətlin bir ucunun Demokratlar Partiyasına gedib çıxdığını göstərir.

Çünki LGBT-ni müdafiə etmək Demokratların “firma brendi” sayılır. Çarli Kirki “millətçi”, “faşist” adlandıranlar da məhz demokratlardır. Ona görə də qətldə şübhəli bilinən Robinson əslində çox kiçik fiqurdur və yaxud başqa sözlə desək, o, bu qətldə sadəcə icraçıdır.

Qətlin əsl sifarişçilərini müəyyən etmək isə elə də asan olmayacaq. Və yaxud, ümumiyyətlə, mümkün olmayacaq. Necə ki, ABŞ-ın sabiq prezidenti C.Kennedinin və yaxud qaradərili dini ideoloq və siyasi fəal Martin Lüter Kinqin qətlinin icraçısı və sifarişçilərinin əsl kimliyi ilə bağlı müzakirələr hələ də davam edir.

Kirkin qətli də Kennedinin və Kinqin qətli kimi siyasi motivlidir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights