İki qoca kişi söhbət edirdi və onlardan biri – “Vallah, sabah Sovet hökuməti qayıtsa, gedib pirdə qurban kəsərəm” – dedikdə, qulaqlarıma inanmadım. İstər-istəməz – “Bizim bu günkü bəlalarımızın baiskarı Sovet hökuməti deyilmi?” – deyə söhbətə qoşuldum.
Hər iki qoca var səsləriylə Sovet hökumətini tərifləməyə və daha böyük nisgillə arzulamağa başladı. Sənətlərini və peşələrini, cavadlarını və əqidələrini bilmədiyim bu adamlarla belə qısa söhbətdən sonra bəzi sosioloji araşdırmalar aparmalı oldum. Çox təəssüflər ki, aldığım nəticələr heyrətləndirici dərəcədə sərt və amansızdı! 50-80 yaşlıların 80-90%-i sovet təfəkkür tərzindən uzaqlaşa bilməyib və daxilən sovet cəmiyyətinin arzusundadır. Nə üçün belədir? Niyə bu cür düşünürlər? Bu suallara reallıq və insan psixologiyası baxımından cavab verməyə çalışacağam.
Məsələyə reallıq baxımından yanaşdıqda, yaşlıların nisgillərini başa düşmək olar. Çünki Sovet dövründə “bərabərləşdirmə” prinsipi ilə maaş alan fəhlə və kəndlilər, ziyalılar və dövlət idarə işçiləri “eyni səviyyədə” yaşamağa məcbur idilər və hətta xəlvəti varlılar da varlı olduqlarını gizlətməyə çalışırdılar. Beləliklə də, hamı “kasıbçılıq səviyyəsində” yaşayırdı və daxildə gizlənmiş bütün neqativ hallar gözə görünmürdü! Əslində, bütün neqativ hallar – dərəbəylik, yerlibazlıq, rüşvətxorluq, alverçilik və digərləri – hamısı var idi və hamısı xəlvəti fəaliyyət göstərirdi. Əgər belə olmasaydı, “qüdrətli Sovet hökuməti” beşcə ilin içində tarimar olmazdı və bütün sovet adamlarını “müzəffər addımlarla işıqlı kommunizmə doğru” aparardı. Lakin burada başqa bir amil də vardır. Həmin “reallıqlar” hamı tərəfindən eyni cür dərk edilirmi? Əlbəttə, yox! Həmin reallıqları “üzdən görənlər” bu gün olnar üçün nisgillidirlər və ola bilsin ki, ömürləri boyu da belə qalacaqlar. Çünki onlarda “tərbiyə olunmuş” qul psixologiyası əsl reallıqları görməyə imkan verməyəcək! Həm də insan psixologiyası ən konservtiv varlıqdır. Məhz buna görədir ki, uşaqlıqda qazanılan hər-hansı bir vərdiş (yaxşı və ya pis olsun) hər bir kəsdə ömrü boyu “yaşayır” və o şəxs həmin vərdişi tərgidə bilmir. Bu mülahizədən sonra başa düşmək olar ki, nə üçün yaşlılar sovet quruluşu üçün nisgillidirlər. İlkin səbəb onların “Sovet tərbiyəsi” almaları, ikinci səbəb isə təfəkkürün konservativliyidir…
Ağasəf İMRAN
İqtisad elmləri namizədi