Şotlandiyada kişilərin nə üçün yubka geyindiyini onlardan soruşsanız bu zaman dava düşə bilər.
Belə ki, bu əslində yubka deyil, onların milli geyimi sayılan kiltdir. Bəs Şotland kişilər nə üçün kilt geyinirlər?
Məlumat üçün bildirək ki, bu geyim Şotlandiya mədəniyyətinin, tarixinin və qürurunun simvoludur.
Kiltin tarixi 16-cı əsrə aiddir, baxmayaraq ki, onun prototipləri daha əvvəlləedə ortaya çıxıb. Əvvəlcə kilt bədənə sarılıb çiyninə atilan, təxminən 5 metr uzunluğunda qalın parça idi. Kiltin praktikliyi ondan ibarət idi ki, o, həm geyim, həm də yorğan kimi xidmət edirdi. Onu soyuq dağ gecələrində açıb bürünmək olurdu.
Kiltlərin hazırlandığı material yun idi. Üzərindəki xarakterik damali naxış isə tartan adlanır. Hər nəslin özünəməxsus naxışı var və rənglər və naxışlar kimin hansı ailədən olduğunu müəyyən etmək üçün istifadə edilir. Beləliklə, kilt bir növ Şotlandiyalının pasportu idi!.18-ci əsrdə hər şey dəyişdi. 1745-ci ildə Yakobit üsyanından sonra, Şotlandlar məğlub olduqda, ingilislər Şotland dağlılarının ruhunu qırmaq üçün kilt geyinməyi qadağan etdilər Bu qadağa 40 ilə yaxın davam etdi.
Lakin kilt unudulmaqdansa, müqavimətin və milli kimliyin simvoluna çevrildi. Qadağa götürüldükdən sonra kilt yenidən istifadə edilməyə başladı, amma müasir formada – qısa yubka kimi. Onu rəsmi tədbirlərdə, paradlarda və bayramlarda geyinməyə başladılar.
Bu gün kilt təkcə geyim deyil, həm də Şotlandiyanın adət-ənənələrinə və tarixinə hörmət əlaməti, həm də azadlıq və qürur rəmzidir.
Səfər İBRAHİMLİ