Sosial şəbəkələrdən istifadə qanunla məhdudlaşdırılıb

Cəzaçəkmə müəssisələrində məhkumların hüquqları, məhdudiyyətləri və gündəlik həyatları Azərbaycan Respublikasının “Cəzaların icrası Məcəlləsi” ilə müəyyən edilir. Bu məcəllə məhkumların cəzanı çəkərkən hansı hüquqlara sahib olmasını, eyni zamanda hansı qadağalarla üzləşməsini dəqiq şəkildə göstərir.

Məhkum cəzaçəkmə müəssisəsinə daxil olduğu andan etibarən azadlıq hüququndan məhrum edilir və bu, avtomatik olaraq bir çox digər hüquqlarının da məhdudlaşdırılması ilə nəticələnir. Əsas məhdudiyyətlərdən biri də məhkumların internetdən və sosial şəbəkələrdən istifadəsinə aiddir.

Müasir dövrdə sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilsə də, həbsxana və cəzaçəkmə müəssisələrində bu imkan məhkumlara sərbəst şəkildə tanınmır. Azərbaycan qanunvericiliyinə əsasən, məhkumların ünsiyyət hüququ tamamilə ləğv edilmir. Onların ailə üzvləri ilə görüşmək, məktub yazmaq, müəssisə rəhbərliyinin nəzarəti altında telefon danışıqları aparmaq imkanı var. Bu hüquqlar beynəlxalq normalara da uyğun şəkildə qorunur. Lakin sosial şəbəkələrdən istifadəyə gəldikdə, qanunda belə bir hüquq nəzərdə tutulmayıb. İ

nternet yalnız müəyyən hallarda, məsələn, təhsil məqsədilə və ya hüquqi maarifləndirmə proqramları çərçivəsində, o da ciddi nəzarət altında istifadəyə verilə bilər. Əks halda, Facebook, Instagram, WhatsApp və digər platformalara çıxış məhkumlara qadağandır. Bu qadağanın əsas səbəbi təhlükəsizlik və nizam-intizamın qorunmasıdır. Çünki sosial şəbəkələrdən nəzarətsiz istifadə həm müəssisənin daxili intizamını poza bilər, həm də cəmiyyətlə qanunsuz əlaqələrin qurulmasına şərait yarada bilər.

Təcrübədə isə bəzən xəbər portallarında məhkumların gizli yollarla sosial şəbəkələrə daxil olduğu və oradan paylaşım etdiyi hallara rast gəlinir. Bu cür hallar aşkar edildikdə, məhkum barəsində intizam tənbehi tədbirləri görülür, çünki bu qanun pozuntusu sayılır. Qanunvericilik açıq şəkildə göstərir ki, cəzaçəkmə müəssisəsində olan şəxslərin sosial şəbəkələrdə aktiv olması yolverilməzdir. Bu yalnız xüsusi icazə və rəsmi qaydada texniki nəzarət altında ola bilər ki, həmin hallara da ölkə praktikasında çox nadir rast gəlinir. Deməli, məhkum cəza çəkdiyi müddətdə ailəsi ilə əlaqə saxlayarkən telefon və məktublaşmadan istifadə edə bilər, lakin sosial şəbəkələrdən istifadəsi qanunla məhdudlaşdırılıb. Bu məhdudiyyət həm məhkumun, həm də cəmiyyətin təhlükəsizliyi, eyni zamanda cəzaçəkmə müəssisəsinin daxili qaydalarının pozulmaması üçün zəruri hesab olunur.

Sosial şəbəkələrdən istifadənin sərbəst şəkildə tanınmaması, məhkumluğun mahiyyətindən, yəni azadlıqdan məhrum edilmə cəzasının özündən irəli gələn hüquqi nəticədir.

Əli İBRAHİMOV

Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights