Sən özünü qorumasan…
Bu gün bütün dünyanı hörümçək toru kimi öz ağuşuna alan sosial şəbəkələr yalnız şəxsi ünsiyyət və ictimai münasibətlərin qurulması, inkişaf etdirilməsi üçün yaradılan platformalar deyil, o eyni zamanda ictimai-siyasi baxımdan biraşa təsir və idarəetmə vasitəsidir. İnternetdən, sosial şəbəkələrdən qarşıdurma, informasiya müharibəsi meydanı olaraq istifadə edən radikal qrupların, ekstremistlərin, terrorçuların məqsədləri xalqlar, ölkələr və bütünlükdə insanlar arasına nifaq salmaq, qırğınlar törətmək, dini ayrı-seçkilik yaratmaqdır. Təsir kanalı olaraq istifadə olunan bu platformaların hədəfi xüsusilə uşaqlar və gənclərdir.
Dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən hər cür xarici təsirlərin, ideoloji təxribatların qarşısı mütləq şəkildə alınmalıdır. Mövcud cəmiyyət tərəfindən qınan və qəbul edilməyən yaşam tərzi ilə bağlı təbliğat işi aparılmalı, bəşəri ideyalara söykənən, lakin məqsədli şəkildə sıxışdırılmağa çalışılan milli-mənəvi dəyərlərimizin və ailə modelimizin təbliğinə geniş yer verilməlidir.
Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi milli mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin mühafizəsi deməkdir. Şişirdilmiş, içi boş Avropa mədəniyyəti adı altında çürük həyat yaşam tərzini, zərərli vərdişləri uşaqlarımıza, gənclərimizə sırımağa çalışan qüvvələrin üzdəniraq fəaliyyətinə əsla göz yummaq, onlara “meydan” vermək olmaz. Milli adət-ənənələrimizi sıxışdırmağa cəhd edənlərin fəaliyyəti ifşa olunmalıdır, cəmiyyətdə qınaq obyektinə çevrilməlidir. Uşaqları, gəncləri öz milli mentalitetimizə uyğun dəyərləri təbliğ etməyə yönləndirmək lazımdır. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır. Uşaqların və gənclərin psixologiyasını pozmaq, həyat səmtini yanlış istiqamətə yönləndirmək məqsədilə LGBT, “No War” və başqa təhlükəli meylləri aşılamaqla, gəncləri ələ almaq, kosmopolit dünyagörüşü formalaşdırmaq cəhdləri neytrallaşdırılmalıdır. Xalqımızın milli mentalitetini formalaşdıran ənənəvi dəyərlər toplusu xarici təsirlərdən mühafizə edilərək gələcəyə daşınmalıdır.
Milli Məclisin yeddinci çağırışının ilk iclasında çıxış edən ölkə prezidenti cənab İlham Əliyev bildirmişdi ki, “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi, həm ictimai, həm də media məkanında”.
İdeloji təxribatların qarşısının alınmasında yekdilliklə həm dövlət orqanları, müvafiq qurumlar, həm də ictimai təşkilatlar, o cümlədən Vətəndaş Cəmiyyəti İnstitutları fəal şəkildə mübarizə aparmalıdır. İdeoloji təhlükəsizliyin təmin olunması məqsədilə mütəmadi olaraq təbliğat və təşviqat vasitələri aktivlik göstərməlidir. Sağlam cəmiyyət güclü və əbədi dövlət deməkdir.
Vətəndaşların o cümlədən gənc nəslin milli ruha köklənməsi daima diqqət mərkəzində saxlanılmalıdır. İşdə, əməldə, fikirdə birlik, bərabərlik, bir nöqtədə birləşmək aydın və işıqlı sabahların açarıdır. Biz xüsusilə müasir gəncliyi ideoloji baxımdan xaricdən gözlənilən hər cür təsirdən uzaq tutulmasına çalışmalıyıq. Təbii ki, bu sosial şəbəkələrə elm öyrənmək, mütaliə etmək, ümumiyyətlə maraq üçün daxil olan saf təbiətli gənclik buradakı məkrli qüvvələrin istər üstü örtülü, istərsə də birbaşa şəkildə təbliğ etdikləri çirkin təbliğatlarını da oxuyurlar, qərəzli məlumatlarla da rastlaşırlar. Onların bu çirkin, qərəzli, məkrli, planlı təbliğatlardn uzaq tutmaq üçün mütəmadi məlumatlandırmağa ehtiyacları vardır. Bu ehtiyacı ödəmək isə birinci növbədə valideyn və müəllim birliyinin üzərinə düşür. Bu şərəfli vəzifəni daşıyan insanların cərgəsinə Kütləvi İnformasiya Vasitələri, Vətəndaş Cəmiyyəti İnstitutları da daxildir. Aidiyyatı icraedici qurumların təyinatı ilə idarə və təşkilatlar da respublikamızda ideoloji təhlükəsizliyin təmin edilməsi işində aktivlik nümayiş etdirməlidir. Xarici əks təsirlərə qarşı fərdi və ictimai müdafiə mexanizmlərinin düzgün seçilməsi əsas şərtdir.
Danılmaz faktdır ki, bu gün müasir dünyamızı internet resursları öz təsir dairəsində saxlayır. Dünyanın hegemon dövlətləri –ABŞ, Çin, Rusiya və digərləri özlərinin sosial şəbəklərini quraraq buradan dünyaya öz siyasi və iqtisadi maraqlarını diqtə edirlər.
Məqsədyönlü şəkildə ölkəmiz ərazisində problemlər, ziddiyyətlər, çaxnaşmalar, qarşıdurmalar yarataq istəyən dairələrin- xarici qüvvələrin, əks təbliğatın məqsədi mövcud cəmiyyəti zəiflətmək amacı daşıyır. Bu qəbildən olan ziyanlı fikirlərə qarşı cəmiyyətimiz özünün kəskin və barışmaz siyasi iradəsini göstərməlidir, necə ki, göstərir.
Birgə fəaliyyət bu sahədə gəncliyin, gənc nəslin, bütünlükdə vətəndaşların sosial şəbəkələrdə maskalanmış, daima fəaliyyətdə olan anti Azərbaycan qüvvələrə qarşı mübarizədə ən güclü silahdır. Düzgün, birgə və ardıcıl yürüdülən siyasət sağlam gəncliyin yetişməsi istiqamətində aparılan doğru seçimdir ki, bu da respublikamızın xaricdən gözləniln ideoloji təhlükələrdən, ideoloji təxribatlardan mühafizə olunmasını möhkəmləndirir. Bütün təbliğat vasitələrinin istiqaməti uşaqlarda və gənclərdə vətənimizin müstəqilliyi və əbədiliyi yolunda vahid və dönməz mövqenin formalaşdırılması, onların sağlam, güclü məntiqə malik, düşüncəli, öz söy kökünə hörmət və ehtiramla yanaşan, onunla fəxr edən, tarixi, milli kimliyi ilə qürurlanan, fəxr edən gənc nəsil yetişməsi məsələsinə yönəldilməlidir.
Ölkəmizə qarşı aparılan çirkin oyunlar anında ifşa olunmalıdır. Doğru şəkildə maariflənməsinə dəstək verdiyimiz internetin dostu olan müasir gənc nəsil bu çirkin oyunlara qarşı adekvat təsir göstərməlidir. Necə deyərlər,- Təsir əks təsirə bərabərdir”. Onlar respublikamızın ictimai-siyasi həyatında baş verən yenilikləri bu şəbəkələrdə paylaşaraq, bir növ təbliğatçı kimi ictimai fəallıq göstərməlidirlər. Sosial platformalarda, youtube kanallarında özünün mənfur məqsədlərini ötürmək məqsədilə kök salan xəbis niyyətli qüvvələrin sifarişli fərziyyələrinə kəskin cavablar verilməlidir.
Daxilimizdə siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışan bu sifariş nökərlərinin üzünə ölkəmizin siyasi, ideoloji qapısı həmişə bağlı saxlanmalıdır. Sərt cavablar, tutarlı faktlar, dönməz mövqe bu anti Azərbaycan qüvvələrə qarşı ən kəskin silahdır.
Şəfa AĞABABAYEVA
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.