Sosial ədalət prinsipinin üstünlüyü ön plandadır

ELAZ.İNFO xəbər verir ki, 7 oktyabr tarixi Ümumdünya Layiqli Əmək Günüdür. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.

Layiqli əmək – səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi BMT-nin İnsan Hüquqları Deklarasiyasının 23-cü maddəsində (1948), BMT-nin “2030 Dayanıqlı İnkişaf Tədbirlər Planı”nda (2015) və digər mühüm sənədlərinin müddəalarında da öz əksini tapıb.

Azərbaycan Respublikasında layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir.

Azərbaycan vətəndaş rifahının makroiqtisadi tərəqqinin başlıca məqsədi kimi çıxış etdiyi sosial dövlət statusunu gücləndirən ölkələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli inkişaf strategiyasında ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanıb.

Hazırda əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti sisteminin İKT-nin geniş tətbiqi ilə dünya praktikaları əsasında təkmilləşdirilməsi, həmin sistemin işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatında, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında çevik və fəal, təsirli alətlərə malik olması, məşğulluq xidmətlərinin çeşidinin və keyfiyyətinin, işsiz və işaxtaranlar, işəgötürənlər üçün əlçatanlıq səviyyəsinin yüksəldilməsi və şəffaflaşması, vahid məşğulluq portalının yaradılması, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təminatı, aktiv əmək bazarı proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsi, əmək bacarıqlarının artırılması üçün mövcud peşə tədrisi sisteminin maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılmaqdadır.

Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır. Bunun üçün isə ilk növbədə dövlət sosial xidmətlərinin vətəndaşa daha yaxın və əlçatan, bu xidmətlərlə vətəndaş arasında bürokratik “sədlər”dən uzaq, tam şəffaf mühitin mövcud olması, xidmətlərdən istifadə mexanizminin çevikliyi və rahatlığı mühüm şərtdir.

Reallaşdırılan tədbirlər əmək resurslarının məşğulluq imkanlarının artırılmasında mühüm rol oynamaqla, hər il 100-120 min işçi qüvvəsinin daxil olduğu əmək bazarında sabitliyin təmin etməsinə imkan verib. Prezident cənab İlham Əliyevin tapşırıqları ilə başlanılan özünüməşğulluq proqramı sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinə, onların rifah halının yaxşılaşdırılmasına yönələn siyasətdə passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights