Bu gün qadınlara qarşı kiberzorakılıq mövzusunda bir təlimdə iştirak etdim və bir daha düşündüm ki, Azərbaycan qadınları da artıq bu problemdən sığortalanmayıb. Son dövrlər müraciətlərin də sayı az deyil. Aydındır ki, ölkə qanunvericiliyində süni intellekt və kiberzorakılıqla bağlı yeni normalar qəbul edilərkən bu kimi halların qarşısını almağa yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulacaq.
Amma bizim kimi cəmiyyətlərdə daha mürəkkəb bir sual ortaya çıxır. Kiberzorakılığın qurbanı olan qadının nüfuzunun bərpası qanunvericilikdə necə nəzərə alınacaq?
Tutaq ki, Deepfake vasitəsilə bir qadın haqqında saxta video hazırlanır və sürətlə yayılır. Hüquq-mühafizə orqanları cinayətkarı tapıb cəzalandıra bilər. Lakin bu, sosial reallığı tam dəyişirmi? Bizdə misal var, söz ağızdan çıxan quş kimidir, uçduqdan sonra onu geri qaytarmaq mümkün olmur. Bir insan illərlə qazandığı nüfuzu bir neçə saniyə ərzində milyonların gözü qarşısında itirə bilər.
Bəs həmin qadın bu materialın saxta olduğunu sübut edənə qədər nə baş verir? Evdə, qonşuluqda, iş yerində, qohumlar arasında, rəhbərlik etdiyi kollektivdə onun haqqında formalaşmış şübhələri və stereotipləri aradan qaldırmaq nə qədər vaxt və enerji tələb edir? Hüquqi cəza cinayətkarı məsuliyyətə cəlb edə bilər, lakin cəmiyyətin yaddaşında yaranmış ləkəni aradan qaldırmaq çox daha çətin prosesdir.
Burada məsələ yalnız qurbanın psixoloji reabilitasiyası deyil. Söhbət onun ictimai rolunun, peşəkar nüfuzunun və sosial etibarının bərpasından gedir. Deepfake və digər rəqəmsal manipulyasiya texnologiyaları məhz bu nöqtədə ən təhlükəli təsiri yaradır,– onlar insanın həyatını deyil, onun cəmiyyətdəki nüfuzu hədəfə alır.
Bu səbəbdən kiberzorakılıqla mübarizə yalnız cinayət məsuliyyəti ilə məhdudlaşmamalıdır. Nüfuzun bərpası üçün sürətli fakt-yoxlama mexanizmləri, platformaların dərhal müdaxiləsi, rəsmi təkzib prosedurları və ictimai məlumatlandırma sistemləri də nəzərdə tutulmalıdır. Əks halda texnologiya bir neçə saniyəyə insanın nüfuzunu dağıda bildiyi halda, onun bərpası illərlə davam edən ağır sosial mübarizəyə çevrilir.
Bu mövzuda çalışan tərəflər, hüquq müdafiəçiləri, texnologiya platformaları, dövlət qurumları və vətəndaş cəmiyyəti, düşünürəm ki, artıq yalnız cəza mexanizmlərini deyil, rəqəmsal və ictimai nüfuzun qorunması, bərpası mexanizmlərini də müzakirə etməlidirlər. Çünki rəqəmsal dövrdə ən böyük təhlükələrdən biri məhz budur, bir insanın illərlə qazandığı etibarın bir saniyədə məhv edilə bilməsi.
Mehriban Zeynalova