Soros Fonduna qarşı təhqiqatın aparılması barədə göstəriş verildi

Əvvəli bu linkdədir: https://elaz.info/toplantinin-gundəliyi-hec-kimə-məlum-deyildi/

Demokratlar narazı kütləni təşkilatlandırmaq, küçə nümayişlərinə yönəltmək üçün əllərindən gələni edəcəklər. ABŞ-da güc strukturları federal və ştat səviyyəli olurlar. Ştat səviyyəli güc strukturları ştatın qubernatoruna tabe olurlar. 2020-ci il BLM üsyanları göstərdi ki, üsyanlarda maraqlı olan qubernatorlar (demokratik ştatlarda) üsyanların qarşısını almaq üçün tədbir görmürlər. Yəni belə ştatlarda üsyanların qarşısını yalnız federal (prezidentə tabe olan) qüvvələr ala bilərlər. Belə qüvvələrin ən böyüyü isə ABŞ ordusudur.

Tramp artıq Kaliforniya, Kolumbiya və daha 2 demokratik ştata qanunsuzluğun qarşısını almaq üçün ordu göndərib və həmin ştatların güc strukturlarını federal hakimiyyətə tabe etdirib. Həmin ştatların hamısının rəhbərliyi (qubernatorları və ştat paytaxtlarının merləri) buna görə Trampa etiraz edir, onu avtoritarizmdə, diktatura yaratmaqda ittiham edirlər.

Məncə, Tramp düşünür ki, bundan sonra, xüsusən də 2026-ci il Konqresə aralıq seçkiləri ərəfəsində demokratların anti-Tramp fəaliyyəti daha da güclənəcək. Bunun üçün əsaslar da var: ölkədə inflyasiya güclənir, işsizlik səviyyəsi artır, milyonlarla qeyri-leqal miqrant hakimiyyətə nifrət edir və onların devrilməsini istəyir… Belə bir kütlə ayağa qalxarsa, onlara qarşı yalnız ordu dayana bilər, polis və digər güc strukturlarına etibar yoxdur (çünki onların həm sayı azdır, həm də ştat qubernatorlarına tabedirlər).

Trampın nəzərdə tutduğu general ixtisarları da bu közərməkdə olan siyasi qarşıdurmaya benzin səpə bilər. Buna görə də, fikrimcə, toplantıdan sonra bütün generallar geri qayıtmayacaqlar, onların bir qrupu elə buradaca istefaya göndəriləcəklər. Voukizmlə mübarizənin toplantı mövzusu olması da təsadüfi deyil. Çünki voukizm demokratların ideologiyasıdır. Yəni demokratların ideologiyasına xidmət edən bütün generallar ordudan xaric ediləcəklər. Ordu tam Trampın ideologiyasına xidmət etməlidir ki, onu demokratların ideologiyası ilə etirazlara çıxan əhaliyə qarşı qoya bilsin. Generallardan sonra “təmizləmə” rütbə piramidası üzrə əsgərlərədək gedəcək.

Tramp generallar qarşısında çıxışının bir yerində dedi ki, mən istənilən iğtişaşları və ya iğtişaşları yatırmaq üçün ABŞ-ın istənilən yerinə göndərə biləcəyimiz “çevik reaksiya qüvvəsi” yaradılması haqqında sərəncam imzalamışam. Çünki düşmən bizim içimizdədir və nəzarətdən çıxmazdan əvvəl onunla mübarizə aparmalıyıq.

Eyni zamanda Tramp etiraz nümayişlərini maliyyələşdirən strukturlarla mübarizə aparır. Artıq USAID və NED-i ləğv edib, Soros Fonduna qarşı isə təhqiqatın aparılması barədə göstəriş verib. Antifanı terrorçu təşkilat adlandırıb.

Qeyd etdiklərim doğrudursa, aşağıdakı proqnozlar vermək olar:

– ABŞ ordusunun sayı azalacaq;

– ABŞ ordusunun böyük hissəsi xarici ölkələrdən çıxarılaraq, ölkə daxilinə gətiriləcək;

-ABŞ-da avtoritarizm güclənəcək;

– ABŞ-da siyasi parçalanma kəskinləşəcək və küçə etirazlarına çevriləcək;

– Ukrayna, Avropa və İsrail ABŞ-ın yadından çıxacaq.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights