Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 tipli döyüş təyyarəsi fəlakətə uğrayıb. Balıkesir şəhərində yerləşən hərbi bazadan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində pilotun həyatını itirdiyi rəsmən təsdiqlənib.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hadisə gecə saatlarında qeydə alınıb: Təyyarə Balıkesirdəki 9-cu Ana Reaktiv Bazasından havaya qalxıb. Yerli vaxtla saat 00:56-da qırıcı ilə radioəlaqə kəsilib və təyyarə radarlardan itib. Dərhal başladılan əməliyyat nəticəsində təyyarənin qalıqları aşkar edilib və pilotun şəhid olduğu müəyyənləşib. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı dərin araşdırmalara başlanıldığını bildirib. Qəzanın texniki nasazlıq, yoxsa insan amili səbəbindən baş verdiyi xüsusi komissiyanın rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, son dövrlərdə müxtəlif ölkələrdə (ABŞ, Polşa) F-16 qırıcıları ilə bağlı analoji qəzaların baş verməsi bu tipli təyyarələrin istismar müddəti və təhlükəsizlik sistemlərini yenidən gündəmə gətirib.
Ruslan MƏMMƏDOV