ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə müharibə alovu bütün regionu bürüyür. İranın ən elitar hərbi birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH / KSİR) İsrail ərazisinə və ABŞ-ın regiondakı hərbi bazalarına qarşı genişmiqyaslı əməliyyata başladığını rəsmən elan edib. Al Hadath telekanalının yaydığı məlumata görə, SEPAH-ın rəsmi bəyanatında bu hücumun indiyə qədər həyata keçirilən “ən güclü və ən amansız” zərbə olduğu vurğulanır. İrandan atılan raket və PUA-ların birbaşa yəhudi dövlətinin strateji nöqtələrini və Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövqelərini hədəf aldığı bildirilir.
Hücumun coğrafiyası təkcə İsraillə məhdudlaşmır. İran tərəfi açıq şəkildə bəyan edib ki, ABŞ-ın bölgədəki hərbi varlığı da hədəf dairəsindədir. Hücumun nəticələri və dağıntıların miqyası barədə hələlik dəqiq məlumatlar verilməsə də, hərbi ekspertlər bunun böyük bir regional müharibənin başlanğıcı ola biləcəyindən narahatdırlar. Hazırda İsrail və ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirildiyi bildirilir. Regionda vəziyyət dəqiqəbədəqiqə dəyişir.
Ruslan MƏMMƏDOV