İsrail-İran müharibəsi zamanı bu şəkli hamı görüb, çoxları paylaşıb, Azərbaycanın və AZAL-ın yaxşı pul qazandığı barədə yazıb… Amma bir vacib məsələ diqqətdən qaçıb. Əslində bu şəkil Azərbaycanı gözləyən təhlükələrin və təhdidlərin simptomudur.
Ukrayna müharibəsi başlayan kimi Qərb Rusiya mülki aviasiyasına öz hava məkanını bağladı. Cavab olaraq Rusiya da Qərb ölkələrinin aviasiyasına öz nəhəng hava məkanını bağladı. Nəticədə Qərb aviasiyası Mərkəzi və Şərqi Asiyaya uçmaq üçün Rusiyadan yan keçməli olur ki, bu da marşrutu 1,3-1,5 dəfə uzadır.
Asiya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmadıqlarından onlar Qərbə ənənəvi olaraq Rusiya üzərindən düz xətt üzrə (ən qısa yol) uçurlar. Bu isə Qərb aviaşirkətlərinin xərclərini artırır, onlar bilet qiymətlərini və daşıma tariflərini artırmağa məcbur olurlar – bu da onların Asiya aviaşirkətləri ilə rəqabətdə uduzmasına səbəb olur. 2022-ci ildən bir neçə Qərb aviaşirkəti bu səbəbdən müflis olub.
İran hava məkanı da bağlanarsa, Qərb aviasiyası Şərqə uçmaq üçün ya daha böyük əyri xətt üzrə (Avropa – ərəb ölkələri – Çin) uçmalı – bu isə xərcləri daha da artırır, ya da Azərbaycan üzərindən uçmalıdırlar.
Azərbacan Qərb üçün Şərqə çıxmağın “butılka boğazı”na çevrilir. Boğaza tıxac qoyularsa, Qərb Şərqə hava yolunu itirər, çünki alternativ marşrutlar çox – rəqabətə davamsız olacaq.
Deməli, elə etmək lazımdır ki, Azərbaycanın Rusiya və İranla münasibətləri birdəfəlik pozulsun. Bu həm də Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolunu da iflic edər.
Bəs son abzasda yazılanlarda maraqlı tərəflər kimlərdir?
Britaniya – ən uzaq hava marşrutu onda yaranır, Şimal-Cənub nəqliyyat dəhlizi də onun dəniz hegemonluğuna təhdid yaradır.
Aİ – qismən. Çünki hava dəhlizi Cənubi Avropa ölkələrini Şimali Avropa ölkələrindən daha az narahat edir. Şimal-Cənub dəhlizi isə onların hətta maraqlarında ola bilər.
ABŞ. Azərbaycan hava dəhlizi ABŞ üçün əhəmiyyətsizdir. Şimal-Cənub nəqliyyat dəhlizi onun dövlət maraqları üçün təhdid deyil, lakin qlobal imperiya maraqları üçün təhdiddir.
Sakit ŞƏFƏQQƏTOV