ELAZ.İNFO xəbər verir ki, regionlarda təhsilin keyfiyyətinin monitorinqi məqsədilə elektron (rəqəmsal) qiymətləndirmə prosesinə yenidən start verilib. Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 34 ümumtəhsil məktəbində keçirilən bu proses rəqəmsal alətlər vasitəsilə tədrisin səviyyəsini ölçməyə imkan verir.
Prosesin ikinci mərhələsi çərçivəsində IV sinif şagirdləri arasında elektron qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə Regional Təhsil İdarəsi tərəfindən xüsusi olaraq yaradılmış müvafiq komissiyanın nəzarəti altında təşkil olunub. Rəqəmsal qiymətləndirmənin keçirilməsi sadəcə imtahan xarakteri daşımır. Prosesin əsas hədəfləri aşağıdakılardır:
Birinci qiymətləndirmədən sonra aşkar edilən zəif bəndlərin nə dərəcədə düzəldiyini yoxlamaq; Şagirdlərin proqram materiallarını mənimsəmə səviyyəsini müəyyən etmək; Tədrisin keyfiyyətini artırmaq üçün zəruri preventiv tədbirlər görmək.
Regional Təhsil İdarəsi hesab edir ki, elektron formatda keçirilən bu cür yoxlamalar nəticələrin daha obyektiv və operativ təhlilinə şərait yaradır, bu isə öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir.
Ruslan MƏMMƏDOV