Məlum olduğu kimi ötən həftə Mixail Qusmanın 30 ilə yaxın işlədiyi TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi xəbərini eşitdik. Təbii ki, Rusiyanın baş kəndində -Moskvada Azərbaycan əleyhinə gərginliyin ardınca gələn bu xəbər ürəyimizcə olmadı. Təəssüflər olsun ki, məqsədli şəkildə aparılan bu siyasi oyunlar davam etməkdədir.
ELAZ.İNFO xəbər verir ki, Rusiyaya məxsus Z-blogerlər- “voenkor”lar da son günlər öz fəaliyyətlərini bu sahədə daha da aktivləşdiriblər. Bir az da dəqiq desək, onları Azərbaycanın haqq sözünü deyənlərin üzərinə qısqırdırlar.
Bəzi blogerlər hətta biraz da irəli gedərək, İqor Korotçenkonu da, Maksim Şevçenkonu da, Ruslan Kurbanov, Ruslan Aysin və Leonid Slutskini də hədəf alır, onların haqqında da iyrənc şərhlər yazır və bu adamları Azərbaycan haqqında səsləndirdikləri müsbət fikirlərinə görə “beşinci kolon”, “qara kürü aşiqləri” və s. adlandıraraq təhqir edirlər.
Beləliklə, bu gün Rusiyada Azərbaycanın dostu obrazında tanınmaq heç də qibtəolunası tale deyil. Əksinə, hazırda şovinizmin və rus millətçiliyinin tüğyan etdiyi Rusiyada Azərbaycan haqqında müsbət fikir söyləmək çox risklidir. Olduqca təhlükəlidir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi