ELAZ.İNFO xəbər verir ki, ABŞ Dövlət Departamenti Hindistana Javelin Raket Sisteminin və GPS ilə idarə olunan Excalibur artilleriya mərmilərinin və avadanlıqlarının satışını təsdiqləyib.
ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Hindistana silah satışı ilə bağlı açıqlama yayıb.
Bəyanatda ABŞ Dövlət Departamentinin təxminən 45,7 milyon dollar dəyərində Javelin Raket Sistemini və təxminən 47,1 milyon dollar dəyərində GPS ilə idarə olunan Excalibur artilleriya mərmilərini və əlaqəli avadanlıqları satmaq qərarına gəldiyi açıqlanıb.
Bəyanatda qərarın ABŞ-Hindistan strateji münasibətlərini gücləndirəcəyi və raket sistemlərinin Hindistanın “mövcud və gələcək təhdidləri aradan qaldırmaq, daxili müdafiəsini gücləndirmək və regional təhdidlərin qarşısını almaq” qabiliyyətini artıracağı vurğulanıb.
YAPONİYA DA UNUDULMADI
Bu arada, DSCA başqa bir yazılı açıqlamasında ABŞ Dövlət Departamentinin təxminən 82 milyon dollar dəyərində sursat və əlaqəli avadanlıqların Yaponiyaya satışını təsdiqlədiyini də açıqlayıb.
Konqresə göndərilən silah satışı təsdiqləri üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində heç bir etiraz alınmazsa, silah satışı uğurlu hesab olunur.
İlahə BAYINDIR
