Bəzən elə insan olur ki, onu hər zaman “nə yaxşı ki tanıdım” deyə anırsan. Bəzən də tam tərsinə. Hər kəs bu gün onun əsl alimliyindən, elmdəki imzasından yazaraq doğum gününü təbrik edir. Mən isə tam fərqli bir yazı ilə əziz Seyfəddin müəllimi təbrik etmək istədim.
Seyfəddin Rzasoy…bu ad mənə 2006-cı ildən doğmadır, 2014-cü ildən isə ailədir. Seyfəddin müəllim bir həyat müəllimidir, əsl müəllimdir, alimlikdən ötə bir pedaqoqdur. Bütün davranışları ilə, danışıqları ilə, insanlara yanaşma tərzi ilə əsl insandır. Gözəl psixoloqdur, insanları duyur, anlayır, dəstək olur. O həm də əsl dostdur, sirdaşdır. Onun üçün dostluqda cinsəllik yoxdur. Qəlbi və əxlaqı o qədər təmizdir ki, hər kəsə ya övladı kimi baxacaq, qadındırsa bacısı kimi, yaxud da bir kişi olaraq görəcək. Bu onun ən ali dəyəridir. Ən çətin anlarını ona danışa bilərsən, o sənə ən doğru yolu göstərəcək. Sənə çıxılmaz yolları asanlıqla izah edəcək. Görkəmcə sərt, qaraqabaq, səbrsiz görsənsə də ürəyi təmiz, saf, mehriban, kimisə incidəndə tez narahat olub könlünü almağa çalışan adamdır. Gözəl yol yoldaşıdır, insanı yolda tanıyarlar, əsl yolçudur. Beynəlxalq konfranslara tez-tez bir yerdə qatılırıq. Türkiyənin Çankırı şəhərində səhhətimdə yaranmış çox ciddi narahatlıq 3 gün sürdü. İki dəfə xəstəxanaya getməli oldum. Sonuncu gedişim təcili tibbi yardım maşını ilə oldu. Məni Təcili tibbi yardım maşınına yerləşdirdikdə, təhlükəsizlik baxımından qollarımı bağladılar. Səsimi çıxarda bilməsəm də bu yəqin ki, son şansımdır deyə hey düşünürdüm. El ağzında deyilən kimi “mənim də kəndirim burda kəsildi dedim”. Qapının açıq hissəsindən gözüm Seyfəddin müəllimə sataşdı. O qədər məyus və ümidsiz baxışlarla, hətta gözləri qızarmış halda baxırdı ki, sanki o an atamı gördüm. Bu bir ata baxışı, qardaş baxışı və narahatçılığı idi. Qayğıkeş insandır, həm də çox. Sabahı gün “köpəyin qızı bizi çox qorxutdun, öldüm qorxudan”- deyərək alnımdan öpdü. Belə insan çox az-az olar.
Biz onunla tez-tez Tv proqramlarda həmsöhbət oluruq. Özündən çox həmişə məni önə çəkir. Reklama ehtiyacı olmayan insandır. Bu onun təkcə mənə verdiyi dəyər kimi qiymətləndirilməsin. O hamıya elədir. Çıxışları dinlədikdə dəyərləndirərək qiymət verməsi onun məkirsiz insan olmasına dəlalət edir. Mənim hər radioda olan çıxışlarımı dinləyərkən mütləq zənd edər, ürək dolusu fikirlərini bildirib, məni daha da ruhlandırar.
Məni tanıyanlar bilir ki, mən çox küsəyən və tez inciyənəm. Bir az “dəymədüşərəm” desəm tam olar. Seyfəddin müəllim bunların hamısını o qədər incəliklə yoluna qoyur ki, mənim ondan küsməyimə şərait yaratmır. O mənim ən dəyərli dostum, qardaşım, sirdaşım, həmsöhbətimdir. Dəyərli insan Seyfəddin Rzasoyun bir neçə sözləri var ki, heç zaman qulaqlarımdan getmir: “Səbrli ol”, “sözümü kəsmə”, “gör sənə nə deyirəm”, “Boş şeydir”, “Ya Allah gözəl Allah”. Elə özünüz demişkən “Ya Allah gözəl Allah”, gözəl Allah daim sizi pənahında saxlasın, sizi qorusun.
Doğum gününüz mübarək, dəyərli alim, gözəl insan, qayğıkeş ata və gözəl şöbə müdiri!
İlhamə Qəsəbova
Filologiya üzrə fəlsəfə doktoru, dosent