Sevilinin nəvələri özlərini gülünc günə qoyub….

Bilmirəm məğrurcasına baxırsan, yoxsa qəzəbindəndir bu görkəm əziz Cəfər!

Bəlkə baxırsan ki, Sevilinin nəvələri özlərini gülünc günə qoyub, ya da Almazının qohumları çoxdan dağılmış kolxozlarını atıb, gəlib burda boş-boşuna küçələri gəzirlər. Səriyyələrin vəfası rişxənd obyektidir indi. Solğun çiçəklərinin ürək dağlayan naləsi daha tükürpərdicidir. Oqtaylar tamada, mənsurlar Sitarə sevdasından dönük, papağını alıb qaçanlar, mülk var üstə aslanları məhkəmələrdə girgic edən fərhadlar hakimi mütləq, Gülzarın, Gülnazın meyxanələrdə saqilikdə, yenə dilarələrin ata əlindən alacağı bir çüt başmaq arzusunda. Bircə Firuzən yol tapıb deputat olub.

Dövrəndə əyləşib vaxt öldürən soydaşlarından soruşduqda səni tanımamaqlarından pəjmürdəsən bəlkə. Qız qalası ssenarini duyğularından kağıza köçürdüyünə də məmnun deyilsən.

Heç doğum tarixini ikicə il geri çəkib, postamentinə yazılmasından da xoşlanmırsan.

Sənin sözün hər iki mənasında böyük beynində Xızıdan dağlı məhəlləsinə boylanan Sona sevdasında yanan xəyalınmı küskün?!

Pərviz YƏHYALI

Bizimlə oxuyun
Verified by MonsterInsights